AZ   |   RU
Azərbaycan yeni müharibəyə başlaya bilərmi? - "Hazır olmalıyıq..." - Hərbi ekspert

Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhəddində həftə ərzində artıq bir neçə dəfədir ki, atəşkəsi pozur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə,  iyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qeyd edək ki, iyulun 6-da erməni silahlıları Ağdam rayonunu, iyulun 13-də isə Şuşa şəhəri ətrafını atəşə tutmuşdu. 
 
Təbii ki, atəşkəsin intensiv şəkildə pozulması yeni müharibənin başlaya biləcəyinə dair ehtimallar yaradır. 

Hərbi ekspert Ədalət Verdiyev Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmalıdır. 
 
Sitat: “Vətən Müharibəsi zamanı Ermənistan ordusunun verdiyi itkiləri, Silahlı Qüvvələrin sarsıntı içərisində olmasını nəzərə alsaq, hazırki vəziyyətə müharibə ehtimalı azdır. Yəni əks tərəfin müqavimət imkanları məhduddur. Amma bu heç də kiçikmiqyaslı toqquşmaların baş verməsini istisna etmir” - sitatın sonu. 

Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanın atəşkəsi intensiv şəkildə pozması Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanan 10 noyabr bəyanatının müddialarına ziddir.

Sitat: “İstənilən halda, əgər Ermənistan intensiv şəkildə atəşkəsi pozursa, Azərbaycan ərazilərindən əsgərlərimizə atəş açıb onu yaralayırsa, sərhədlərin delmitasiyası prosesindən imtina edirsə, bizimlə sülh saizişi imzalamaqdan boyun qaçırırsa, bu o deməkdir ki, İrəvan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması, atəşkəs rejimini intensiv şəkildə pozması kimi faktlar ortada varsa, Azərbaycan niyə Ermənistanın ərazi bütövlüyünü tanımalı və üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməlidir? Ermənistanın bu tipli təxribatçı davranışları üçtərəfli bəyanatın qüvvədən düşməsinə şərait yaradır” - sitatın sonu. 
 
Hərbi ekspert atəşkəsin pozulması fonunda bölgədəki Rusiya sülhməramlılarının fəaliyyətsizliyinə də toxunub. 
 
Sitat: “Əlbəttə ki, Ermənistanın gərginlik yaratması 10 noyabr üçtərəfli bəyanatına əsasən atəşkəsin qarantı olan Rusiya sülhməramlılarının fəaliyyətini şübhə altında qoyur. Bu məqam Nikol Paşinyan hakimiyyətinin növbəti dəfə Rusiyanın fəaliyyətlərinə kölgə salması kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Ermənistan dövlət sərhəddində vəziyyəti gərginləşdirməklə digər ölkələri bu münaqişəyə cəlb etməyə çalışır” - sitatın sonu.

Elvin Məmmədov 
Missiya.Az



  • 15-07-2021, 19:26