AZ   |   RU
Sərhədlərini qoruya bilməyən erməni əsgərinin Əfqanıstanda nə işi var? - Rusiyanın yeni planı İrəvanda narazılıq doğurdu

ABŞ qoşunlarının Əfqanıstandan çıxması fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının hərbi qüvvələrinin regiona yerləşdiriləcəyi ilə bağlı səsləndirilən fikirlər Ermənistanda həyəcanla qarşılanıb.

Missiya.Az xəbər verir ki, Ermənistanın əksər siyasi şərhçiləri və hərbi ekspertləri rəsmi İrəvanın Əfqanıstana qoşun göndərməməklə bağlı ortaya qəti mövqe qoymalı olduğunu vurğulayırlar.

Erməni mediası yazır ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması növbəti geosiyasi oyundur və əsas hədəf Orta Asiyada yeni müharibə ocaqlarının yaradılmasıdır.

Sitat: “Gözlənildiyi kimi, ABŞ ordusu Əfrqanıstandan çıxarılandan sonra həmin regionda vəziyyət gərginləşməyə başladı. Digər tərəfdən, Qırğızıstan-Tacikistan sərhəddində gərginlik pik həddədir. Aydın məsələdir ki, bu, düşünülmüş bir geosiyasi oyundur və keçmiş Sovet İttifaqının sərhədlərində, Rusiya sərhədinə çox yaxın olan Orta Asiyada yeni müharibə ocaqları yaratmağı hədəfləyir” – sitatın sonu.  

“Politik.am” saytında dərc olunan yazıda müəllif, Ermənistanın KTMT qoşunlarının tərkibində gərginliyin olduğu bölgəyə hərbçi göndərəcəyi ilə bağlı narahatlıq ifadə edir.

Sitat: “Əlbəttə ki, bizim üçün KTMT-nın bu qarışıqlıqda iştirakı narahatedicidir. Çünki bir tərəfdən KTMT-da  Qırğızıstan və Tacikistan müttəfiqimizdir, digər tərəfdən isə Tacikistan KTMT-dan Əfqanıstanla sərhəddə yaşanan  gərginliyə görə yardım istəyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və digər yüksək rütbəli Rusiya rəsmilərinin açıqlamalarından belə başa düşmək olar ki, KTMT Tacikistanın tələbini yerinə yetirəcək” – sitatın sonu.

Müəllif Rusiyanın Əfqanıstan ətrafında baş verən gərginlikdə niyə yaxından iştirak etməsi barədə məqamlara da toxunub. İddia olunur ki, Rusiyanın məqsədi Əfqanıstan ətrafında baş verən gərginlikdən istifadə edərək Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatının nüfuzunu artırmaq, Təşkilatı ciddi hərbi qurum kimi təqdim etməkdir.

Media yazır ki, Rusiyanın KTMT-nın nüfuzu ilə bağlı atdığı addımlar başadüşüləndir amma Təşkilat, Ermənistan-Azərbaycan sərhəddində baş verənlərlə bağlı sərgilədiyi mövqe ilə artıq öz nüfuzuna kölgə salıb.

Sitat: “Rusiyanın addımları başadüşüləndir. Lakin KTMT-nın baş katibi Stanislav Zasın Ermənistan-Azərbaycan arasındakı sərhəd gərginliyi ilə bağlı davranışı, ölkəmiz əleyhinə verdiyi bəyanatı nəzərə alsaq, artıq hərbi strukturun səlahiyyətlərinə kölgə salınıb.  Həmçinin KTMT-nın keçmiş rəhbəri Yuri Xaçaturovun vəzifədə olduğu zaman mühakimə edilməsi təşkilatın nüfuzuna kölgə salan məqamlardandır” – sitatın sonu.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan ordusu ciddi canlı qüvvə və hərbi texnika itkisi ilə üzləşib. Hazırda Ermənistan dövlət sərhədlərinin müdafiəsini təmin edə bilmir. Rəsmi İrəvan ölkənin təhlükəsizliyi məsələsini Rusiyanın öhtəsinə buraxıb. Hətta yayılan məlumatlara görə, Azərbaycanla sərhədə də Rusiya qoşunları yerləşdirilib.

Təbii ki, belə bir məqamda Ermənistan ordusunun sərhədlərindən çox uzaqda alovlanan yeni münaqişə ocağında iştirak etməsi, ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olmaya bilməz. Cəmiyyətdə sual yaranır ki, öz ölkəsinin sərhədlərini qoruya bilməyən ordunun xarici münaqişədə iştirakı nə dərəcədə düzgündür? Ona görə də erməni siyasətçilər Ermənistan hakimiyyətini Əfqanıstan bataqlığından uzaq durmağa çalışır.

Çətin ki, hərbi və siyasi idarəçiliyi Moskvanın əlində olan Ermənistan hakimiyyəti cəmiyyətin bu çağırışlarına cavab versin və KTMT-nın tərkibində münaqişə bölgəsinə əsgər göndərməsin.

Elvin
Missiya.Az


  • 9-07-2021, 16:22