Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan artıq neçənci dəfədir ki, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək, Laçın yolunun açılması tələbi ilə Azərbaycana təzyiq etməyə çağırır. Bu kimi müraciətlər Xankəndidəki qondarma parlament adından da göndərilib. Separatçılar az qala hər gün beynəlxalq təşkilatlara müxtəlif mətnli müraciətlər ünvanlayırlar. Müraciətlər əsasən “humanitar fəlakətdən” hətta erməni xalqına qarşı “soyqırımdan” bəhs edir. Separatçı rejimin müraciətlərinin nədən ibarət olmasından asılı olmayaraq dünya ictimaiyyəti ermənilərin gözlədiyi reaksiyanı vermir. Ayrı-ayrı fərdlərin şəxsi maraqlara söykənən bəyanatlarını istisna etsək, dünya ictimaiyyəti erməni şivənliyini demək olar ki, qulaqardına vurur. Səbəb çox sadədir. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq arenada güclənən mövqeyindən irəli gəlirsə, bir tərəfdən də dünyanın erməni yalanlarından bezdiyini göstərir. Götürək elə hazırkı kanpaniyanı. Əgər Qarabağda yaşayan ermənilər humanitar fəlakətlə üzləşsəydilər, o zaman onlar Brüsseldə keçirilən üçtərəfli görüşdə Prezident İlham Əliyevin təklif etdiyi Ağdam-Xankəndi yolundan “humanitar yardım”ın aparılmasını qəbul edərdilər. Onların Bakının bu təklifindən imtina etməsi bir daha göstərdi ki, bütün bunlar siyasi şoudan başqa heçnə deyil.
Separatçıların yalanlarına dünya güclərinin və beynəlxalq təşkilatların ciddi reaksiya verməməsinin əsas səbəblərindən biri də Rəsmi Bakının bu duruma ciddi hazırlıqlar görməsidir. Laçın yoluna alternativ olaraq, Ağdam-Xankəndi yolunun “humanitar yüklər”in daşınması üçün təklif edilməsi ermənilərin planlarına ziddi zərbə vurmuş oldu.
Dünya güclərinin və bir sıra beynəlxalq təşkilatların rəsmi Bakı ilə hesablaşmasının əsas səbəbi, yuxarıda da qeyd etdiyimiz kimi, güclənən mövqelərimiz, uğurlu diplomatik gedişlərimiz və ölkə prezidentinin qətiyyətli siyasətidir.
Bir neçə gün öncə Qarabağda yaşayan ermənilərin Laçın postuna yürüş edəcəkləri ilə bağlı xəbərlər yayıldı. Hətta onlar buna böyük hazırlıqlar da görürdülər. Separatçılar həmin yürüş zamanı Rusiya sülhməramlı qüvvələrinin onları müşayiət edəcəklərini və dəstək alacaqlarını düşünürdülər. Lakin sülhməramlı qüvvələrinin komandirinin müavini separatçılara məktub ünvanlayaraq bildirdi ki, Rusiya sülhməramlı kontingenti onları müşayiət etməyəcək. 44 günlük müharibədən sonra bölgəyə daxil olan sülhməramlı qüvvələr ilk anlardan etibarən Qarabağda ermənilərə yardımlar göstərməklə yadda qalmışdısa, artıq indi Moskva da Bakının tələbləri qarşısında heçnə edə bilmir. Çünki Kreml yaxşı bilir ki, Qarabağın tək sahibi var, o da Azərbaycandır və burada şərtləri diqqət etmək səlahiyyəti Bakıya məxsusdur.
Daşqın Həsənov
Missiya.Az