AZ   |   RU
Azərbaycançılıq ideologiyası: mühüm ideya və birlik platforması

Bu gün həm Azərbaycanda, həm də Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında vətənpərvərlik nümunələrinin təbliği, onların bir ideologiya ətrafında birləşdirilməsi çox vacibdir. Bunun üçün azərbaycançılıq ideologiyası ən mühüm faktordur.

Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bizimlə söhbətində bildirdi ki, Azərbaycan xalqının milli inkişaf yolunun formalaşması azərbaycançılıq ideyasına söykənir. Onun sözlərinə görə, bu ideyanın tətbiqi isə sırf elə azərbaycançılıq ideologiyası əsasında həyata keçirilib: “Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb. Məhz Heydər Əliyevin səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub”.

Xaricdəki azərbaycanlıların bir araya gəlməsində azərbaycançılıq ideologiyasının rolundan danışan F.Hüseynzadə əlvə edib ki, xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir: “Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəs üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir”.

Onun sözlərinə görə, azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir: “Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür”.

O, əlavə edib ki, hazırda lobbiçiliyin inkişafında azərbaycançılıq ideologiyasından yararlanmaq mümkündür: “Hər şeydən əvvəl, xaricdəki soydaşlarımız lobbiçilik fəaliyyətinə başlamalıdır. Azərbaycançılıq ideologiyası əsasında lobbiçiliyimizi praktiki həyata keçirmək üçün azərbaycançılıq ideologiyasının doktrini hazırlanmalıdır. Hər bir fəaliyyət bu konsepsiyaya və doktrinaya uyğun olmalıdır.

Dünya azərbaycanlılarının vahid bir amal ətrafında birləşdirilməsi vacib amildir. Azərbaycanlıların bir araya gəlməsi üçün, hər şeydən əvvəl, əqidə, ideya birliyi olmalıdır. Bu, real birliyə aparan başlıca yoldur. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var”.

Göründüyü kimi, istər ölkə daxilində istərsə də xaricdə soydalarımızın bir araya gəlməsi və vahid platforma ətrafında birləşməsi vacib amildir. Bunun üçün azərbaycançılıq ideologiyası ən uyğun platformadır. Bu ideologiyanın təbliği və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülsə də davamlı fəaliyyətə ehtiyac var...

Əli

Yazı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.





  • 4-08-2023, 17:14