AZ   |   RU
Pakistan Azərbaycanla LNG alınmasına dair saziş imzalayıb

 
Pakistan və Azərbaycan arasında bir il müddətinə çevik şərtlərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalanıb.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, “Pakistan LNG Limited” (PLL) şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Lahorda imzalanmış müqaviləyə Baş nazir Şahbaz Şərif şahidlik edib.


Bu münasibətlə çıxış edən Baş nazir bu müqavilənin müddətinin bir il olduğunu və daha bir il uzadıla biləcəyini bildirib.


Onun sözlərinə görə, sazişə uyğun olaraq, Azərbaycan hər ay bir partiya LNG təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. O, Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiyalarının olmayacağını bildirib.


Ş. Şərif sazişi Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində mühüm mərhələ adlandırıb. O, bu sazişdə mühüm rol oynadığına görə Azərbaycan Prezidentinə təşəkkür edib.


Sazişə uyğun olaraq, LNG yük həcmi 3,2 milyon MMBtu +/- 5 % təşkil edəcək və ödəniş PLL fakturasının alındığı gündən 30 gün ərzində həyata keçiriləcək.


Qeyd edək ki, bu gün SOCAR Aralıq dənizi hövzəsi, Asiya və digər regionlar daxil olmaqla çox geniş coğrafiyada LNG alışını və satışını həyata keçirir. LNG üçüncü şəxslərdən alınır. Okeanlara birbaşa çıxış olmadığı üçün bu məhsul Azərbaycandan ixrac edilmir.



  • 24-07-2023, 17:17