Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri müdafiə və təhlükəsizlik sahələrində, eləcə də hərbi-sənaye kompleksi xətti ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın krallığa səfərinin yekunlarına dair birgə bəyanatda deyilir.
Ərdoğan Səudiyyə Ərəbistanında Baş nazir və Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb. “Müdafiə və təhlükəsizlik sahələrinə gəldikdə, hər iki tərəf müdafiə və hərbi-sənaye kompleksində əməkdaşlıq və koordinasiyanı gücləndirmək, həmçinin imzalanmış müvafiq sazişləri aktivləşdirmək əzmində olduqlarını bildiriblər”, - Səudiyyə Ərəbistanının dövlət agentliyinin mətnini yaydığı bəyanatda vurğulanır.
Ər-Riyad və Ankara cinayət, terrorizm və ekstremizmlə, eləcə də terror fəaliyyətinin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Səudiyyə Ərəbistanı və Türkiyə, həmçinin transsərhəd korrupsiya cinayətlərinə qarşı mübarizədə də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Tərəflər korrupsiya hallarının araşdırılması və qeyri-qanuni yollarla əldə edilən gəlirlərin tutulması ilə məşğul olan qurumlar arasında qarşılıqlı əlaqəni təkmilləşdirməyə çalışacaqlarını da bildiriblər.