"Rusiyanın Qara dəniz təşəbbüsünün həyata keçirilməsinə, o cümlədən Qara dənizin şimal-qərb hissəsində naviqasiya üçün təhlükəsizlik zəmanətlərinin geri götürülməsinə xitam verilməsi barədə qərarına çox təəssüflənirəm".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı mətbuata açıqlamasında deyib.
A.Quterreş iyulun 17-də müqavilə müddətinin yenilənməsi nəzərdə tutulan Qara dəniz təşəbbüsünün davam etdirilməsi üçün Rusiyanın ərzaq və gübrə məhsullarının xarici ticarətində qarşılaşdığı bəzi maneələri nəzərə alaraq Vladimir Putinə göndərdiyi təklif məktubundan bəhs edib. O, bildirib ki, memorandumunun imzalanmasından bu yana keçən müddət ərzində Rusiyanın qəbul etdiyi tədbirləri nəzərə alaraq BMT Moskvaya ticarət şəraitinin normallaşması və asanlaşdırılmasını təklif edib.
Qara dəniz taxıl dəhlizi sazişinin və Rusiya ilə BMT arasında qida və gübrə ixracına dair razılaşmanın çətin bir mühitdə qlobal ərzaq təhlükəsizliyi üçün ümid yeri olduğunu ifadə edən A.Quterreş, Kremlin bugünkü qərarının qlobal ərzaq təhlükəsizliyinə və ərzaq qiymətlərinin sabitliyinə zərbə olduğunu deyib.
Baş katib BMT-nin qlobal bazara qida və gübrə çatdırmaq üçün səylərini davam etdirəcəyini və problemin həll yollarını axtarmağa davam edəcəklərini ifadə edib.