Çinin Çançun şəhərində 20-ci beynəlxalq avtomobil sərgisi işə başlayıb.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə yerli və xarici 125 avtomobil istehsalçısının 151 brendi üzrə 1300-dən çox avtomobili nümayiş olunur. Bunlardan 82-si yeni modellər, 100-dən çoxu isə “yaşıl avtomobil”lərdir. Sərginin ekspozisiya sahəsi 9 bölmədən ibarətdir.
Çançun bələdiyyəsinin və Çin Avtomobil İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərgi 10 gün davam edəcək. Builki sərgi Çində ilk avtomobil istehsalı müəssisəsinin (FAW) yaradılmasının 70-ci ildönümünə təsadüf edir. Belə ki, Çinin avtomobil sənayesi başlanğıcını 1953-cü ildə məhz Çançun şəhərindən götürüb. Həmin il əsası qoyulan zavodda 3 il sonra hazır olan “Jiefang” adlı yük maşını Çin istehsalı ilk avtomobil kimi tarixə düşüb.
Qeyd edək ki, Çin hazırda dünyanın ən böyük avtomobil bazarı hesab olunur. Ardıcıl 14 ildir ki, Çin avtomobil istehsalı və satışı üzrə dünya lideridir.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, cari ilin birinci yarısında Çində 13,25 milyon avtomobil istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Yerli istehsal avtomobillər ölkədaxili satışın 53 faizini təşkil edib. İlin birinci yarısında Çin 2,14 milyon ədəd, başqa sözlə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 75,7 faiz çox avtomobil ixrac edib. Xaricə satılan avtomobillərdən 534 mini “yaşıl avtomobil”, yəni elektrik və hibrid mühərrikli, həmçinin hidrogen yanacaq elementləri ilə çalışan avtomobildir. Bu tip avtomobillərin ixracı 160 faiz artıb. Ümumiyyətlə, Çin “yaşıl enerji” avtomobillərinin istehsalı və satışına görə də dünya lideridir. Artıq 8 ildir ki, Çin bu ünvanı özündə saxlayır. Cari ilin yanvar-iyun aylarında Çində 3,78 milyon elektromobil istehsal olunub, 3,75 milyon ədəd satış olub. İstehsal və satış müvafiq olaraq 42,4 və 44,1 faiz artıb. İyulun əvvəlində isə Çində 20 milyonuncu elektromobil istehsal olunub. Əgər ilk 10 milyonluq elektromobil istehsalı üçün Çinə 15 il lazım olmuşdusa, ikinci 10 milyonluq hədəfə çatmaq üçün cəmi 17 ay kifayət edib. Bəzi yerli elektromobil brendlərin satışında olduqca böyük çoxalma qeydə alınıb. Məsələn, “Zeekr” və “Li” modellərinin iyun satışı təxminən 2,5 dəfə çoxalıb. Elə xarici şirkətlərin də Çində elektromobil satışı əhəmiyyətli dərəcədə artıb.
Dünyanın aparıcı avtomobil istehsalçıları Çin bazarında paya sahib olmaq üçün sanki bir-biri ilə yarışa girib. Məsələn, Almaniyanın tanınmış avtomobil istehsalçısı BMW ilin birinci yarısında özünün ən böyük bazarı olan Çindəki satışlarını 3,7 faiz artırmağa nail olub. “General Motors”un məşhur “Cadillac” modelinin satışı ötən rüb 51 faiz artıb. Bəzi xarici istehsalçılar sırf çinli müştərilər üçün xüsusi modellər dizayn edir. Məsələn “General Motors” bu il Çin bazarı üçün 20 model dizayn edib ki, onun da üçdəbiri “yaşıl avtomobil”dir.