Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Fuat Oktay qəbula görə təşəkkürünü bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyib. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə edib.
İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Fuat Oktay ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirib.
O, eyni zamanda, Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin də ciddi narahatlığını bir daha diqqətə çatdırıb.
Fuat Oktay, həmçinin ölkələrimiz arasında enerji, təhsil, hərbi, hərbi-texniki, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini qeyd edib.
Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinin önəmini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfər əsnasında da ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını vurğulayıb.
Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişafına toxunan dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafının növbəti nümunəsi olduğunu bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı, öz növbəsində, Ermənistandakı Nemesis abidəsinin qoyulmasının qəbuledilməz hal olduğunu bir daha qeyd edib.
Görüşdə, həmçinin Orta Dəhliz, enerji sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişindən irəli gələrək iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və ticarət dövriyyəsinin 6 milyard dollara çatması müsbət məqamlar kimi qeyd olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.