AZ   |   RU
"Azərbaycan dialoqa açıqdır, lakin öz vətəndaşları ilə başqa ölkənin bayrağı altında danışa bilməz" - Ramin Əhmədov

"Rəsmi Bakı Qarabağda yaşayan erməni əhalisi ilə reinteqrasiyaya xüsusi önəm verir və bu istiqamətdə zəruri olan bütün addımları atır. Azərbaycan həmişə dialoq tərəfdarı olub və bu gün də öz mövqeyini davam etdirir".

Missiya.Az
xəbər verir ki, bu fikirləri Türk Ağsaqqalları Birliyi- TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün rəsmi Facebook səhifəsində paylaşıb.

R.Əhmədov qeyd edib ki, Azərbaycanın dialoq tərəfdarı olduğunu ötən dövrdə dəfələrlə nümayiş etdirib:

"Millət vəkili Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində mart ayında ilk görüş keçirib. Bundan sonra Prezident Administrasiyası səviyyəsində erməni vətəndaşlara iki dəfə dəvət göndərilsə də qarşı tərəf bunu qəbul etmədi".

TAİB təsisçisi qeyd edib ki, Azərbaycan öz vətəndaşları ilə ölkə Konstitusiyası çərçivəsində dialoqa açıqdır və burada üçüncü tərəfin, o cümlədən Rusiyanın vasitəçiliyi və iştirakına ehtiyac yoxdur:

"Biz niyə öz vətəndaşlarımızla başqa ölkənin bayrağı altında danışmalıyıq? Rusiya öz vətəndaşları ilə üçüncü tərəfin vasitəçiliyi və bayrağı altında danışarmı? Ümumiyyətlə, hansı ölkə buna razı olar? Heç bir ölkə buna getməz. Odur ki, Azərbaycanın da bu xüsusdakı mövqeyində qeyri-adi heç nə yoxdur. Biz öz vətəndaşlarımızla yalnız Azərbaycan bayrağı altında danışa bilərik". 

R. Əhmədov onu da qeyd edib ki, dialoqun davam etdirilməsi və dərinləşdirilməsi üçün bir sıra vacib şərtlərə əməl olunmalıdır:

"Bunun üçün Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələr tərksilah olunmalı, Ermənistan silahlı qüvvələrinin qalıqları ərazilərimizi tərk etməlidir. Ermənistan Qarabağdakı qanunsuz rejimin və buradakı silahlı dəstələrin maliyyələşdirilməsini dayandırmalıdır. Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməldə tanımalıdır. Çünki biz məsələn, Paşinyanın davranışlarında başqa mənzərə görürük. Son təxribat zamanı Ermənistan Silahlı Qüvvələrinin  iki hərbçisinin məhv edilməsi də göstərir ki, Ermənistan ordusunun qalıqları hələ də bölgədən çıxarılmayıb. Bunu artıq hamı dərk etməlidir ki, Azərbaycan heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrin qalması ilə barışmayacaq. Rusiya öz ərazisində qanunsuz silahlı birləşmələrə  qarşı  dəfələrlə anti-terror əməliyyatı keçirib. Buna misal olaraq Çeçenistanda keçirilmiş əməliyyatları göstərə bilərik.  Yaxud, başqa bir misal, Rusiya terrorla mübarizə adı ilə Suriyaya ordu yeridir, hətta suveren Ukraynanın ərazisinə hərbi müdaxilə edir. Fransa terrora qarşı mübarizə adı ilə Mali, Burkina Faso və digər ölkələrə hərbi dəstələr göndərir, ABŞ terrorla mübarizə adı ilə Əfqanıstana  və digər ölkələrlə ordu yeridir. Onda sual olunur, Azərbaycan niyə öz ərazisində Ermənistan hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin mövcudluğuna biganə qalmalıdır?  Xüsusən o da nəzərə alınmalıdır ki, bu dəstələrin və terrorçuların dinc sakinlərə qarşı cinayətlərdə iştirakı  var”. 

Ramin Əhmədov onu da vurğulayıb ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə bu gün dinc sakinləri qaytarır:

“Rəsmi Bakı  onların təhlükəsizliyinə hər hansı təhdidə göz yummayacaq və dinc əhalinin terrorçuların hədəfinə çevrilməsinə ikinci dəfə  imkan verilməyəcək”.


Elcan
Missiya.Az




  • 8-07-2023, 15:06