AZ   |   RU
Putin Paşinyanı qələbə münasibəti ilə niyə təbrik etmir?

Rusiya prezidenti Vladimir Putin Ermənistanda keçirilmiş parlament seçkilərində qalib gələn baş nazir Nikol Paşinyanı hələ də təbrik etməyib.

Misiya.Az
xəbər verir ki, Ermənistanın “168.am” nəşrinin dərc etdiyi yazıda Putinin Paşinyanı niyə təbrik etməməsinin səbəbləri araşdırılıb.

Nəşr yazır ki, Putin Ermənistan Mərkəzi Seçki Komisiyasının seçkilərin nəticələri ilə bağlı rəsmi qərarını gözləyir.

Sitat: “Paşinyanı Avrasiya İttifaqındakı tərəfdaşlarından yalnız Belarus prezidenti Aleksandr Lukaşenko təbrik edib. İttifaqdakı digər tərəfdaşlar isə tələsmirlər. Bundan fərqli olaraq, Qərb strukturları və ölkələri – ABŞ Dövlət Departamenti, Litva prezidenti, Gürücüstanın baş nazir və Avropa Şurasının prezidenti təbrik edib. Amma Rusiya prezidenti seçkilərin rəsmi qalibinin elan olunmasını gözləyir” – sitatın sonu.  

Müəllif  Putinin digər ölkələrdə keçirilən prezident və parlement seçkilərində seçkilərin nəticələri dərc olunmamış qalib namizədi təbrik etməsinə diqqət çəkib.

Sitat: “Vladimir Putin Avrasiya İttifaqındakı tərəfdaşlarını, digər xarici ölkə rəhbərlərini, habelə keçmiş Ermənistan prezidentlərini seçkilərin rəsmi nəticələri açıqlanmamış, seçkilərdən bir gün sonra təbrik edib. Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl Ermənistanda keçirilən seçkilər zamanı Putin Serj Sarkisyana rəsmi nəticələr açıqlanmamışdan öncə təbrik teleqramı göndərmişdi. Rusiya prezidenti həmçinin 9 avqust 2020-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenkonu, İranda 18 iyundan keçirilən prezident seçkilərinin ertəsi günü qalib namizəd İbrahim Rəisini, mayın 26-da Suriya prezidenti Bəşər Əsədi seçkilərin rəsmi nəticələri açıqlanmamış təbrik edib” – sitatın sonu.

Məqalədə bildirilir ki, Putin-Paşinyan arasında müharibə zamanı yaxın təmaslar, ard-arda telefon danışıqları olsa da, onların əlaqələrinin soyuq olduğu hiss edilir. Aydın olur ki, Putin və Paşinyan arasında dostluq münasibəti yoxdur, münasibətlər tam rəsmidir. Bu səbəbdən Putin digər liderlərdən fərqli olaraq Paşinyanı seçkilərin rəsmi nəticələri açıqlanmamış təbrik etmir.

Qeyd edək ki, analitiklər Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qalib gəlməsini Qərbin Rusiya üzərində qələbəsi kimi şərh edirlər.

Elvin
Missiya.Az

  • 24-06-2021, 11:33