AZ   |   RU
Rusiyadan Gədəbəyə uzanan əllər və məkrli planın dərin məqsədləri - ŞƏRH

 
Bir neçə gün bundan öncə Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərlə polis əməkdaşları arasında yaşanan insident ölkə səviyyəsində rezonans doğurdu. Bu hadisə neçə gündür ki, ölkənin əsas mövzusuna çevrilib. Hadisənin hansı zəmində baş verdiyini araşdırmaq və burada ədalətli mövqe ortaya qoymaq üçün dövlət komissiya yaratdı.

Burada maraqlı məqam odur ki, həmin kəndə gölün mövcudluğu illərdir var. Bəs necə oldu ki, neçə ildir göl haqqında heç bir irad bildirməyən kənd əhalisi birdən-birə aksiya təşkil etməyə başladı. Bir neçə ay bundan öncə Şuşada ekofəallar ekoloji terror səbəbindən Laçın dəhlizində aksiya təşkil edərək, Qarabağda yerləşən mədənlərin istismarının qarşısını almağa nail olmuşdular. Qarabağda yerləşən mədənləri isə Ermənistan vasitəsilə uzun illərdir Rusiya istismar edir. Ekofəlların təşkil etdiyi aksiyadan sonra Rusiyanın Laçın dəhlizi vasitəsilə Xankəndidəki separatçıları silahla təmin etməsinin qarşısı alındı. Ardınca isə Azərbaycan Laçının dəhlizinin girişində sərhəd keçid məntəqəsi quraşdırdı. Və bütün bunlar Rusiyanı qıcıqlandırmaya bilməzdi. Şuşada aylarla davam edən aksiyanın bitməsindən bir müddət sonra Söyüdlü kəndində “ekoloji problem" səbəbindən hansısa aksiyanın təşkil edilməsi, məsələdə xarici qüvvə amilinin rol oynadığını düşünməyə əsas verir. Xarici amil deyəndə, Rusiyanı nəzərdə tutduğumuz yəqin ki, aydındır.

Son vaxtlar Azərbaycanla Ermənistan arasında Qərb paytaxtlarında aparılan danışıqlar da Moskvada ciddi narahatlıqlar yaradıb. Çünki Moskva Cənubi Qafqazda təşəbbüsü əldən vermək istəmir və bütün danışıqların onların vasitəçiliyi ilə aparılmasına nail olmaq istəyir. Ancaq Moskva Qərbdən fərqli olaraq, bölgədə sülhün əldə edilməsində yox, münaqişənin davam etməsində maraqlıdır. Rusiyanın belə bir siyasi mövqe sərgiləməsi isə heç bir halda Bakının maraqlarına uyğun deyil. Rusiyanı qıcıqlandıran digər amil isə Moskvanın Ukraynada apardığı işğal müharibəsi zamanı Bakının Kiyevə göndərdiyi yardımlardır. Xatırladaq ki, Rusiya Ukraynaya hücum etdiyi ilk günlərdən Azərbaycan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını ortaya qoydu.

Bundan əlavə isə ölkəmiz Ukraynaya humanitar yardımlar göndərdi. Bu yardımın davam etdirilməsi ilə bağlı bir neçə gün bundan öncə də qərara verildi. Bütün bunlar və Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə təkbətək görüşü Kremldə qıcıq yaratdı. Kremldə hansısa qıcığın yaranmasından asılı olmayaraq, İlham Əliyev müstəqil siyasət yürüdərək Zelenski ilə görüşündə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha diqqətə çatdırdı.

Bütün bu sadaladığımız faktlardan sonra Gədəbəydəki aksiyanın arxasında Rusiya amilinin dayanması şübhə doğurmur. Həmin hadisənin arxasında xarici amilin dayandığını Azərbaycan Dövlət Televiziyasının (AZTV) yayımladığı reportajda təqdim olunan səs yazıları göstərdi ki, Söyüdlüdəki hadisə əvvəlcədən hazırlanmış planın tərkib hissəsidir. Təşkilatçılar bu işə öz casuslarını da cəlb ediblər. Qurulan planlardan, aparılan oyunlardan asılı olmayaraq, Azərbaycan vətəndaşları kimlərinsə əlində alətə çevrilməyəcəklər. Əlbəttə, dövlət vətəndaşların problem hesab etdiyi məsələlərin araşdırılmasında maraqlıdır. Yaradılmış komissiya bütün məsələlərə aydınlıq gətirəcək. Ən əsası odur ki, Azərbaycanda hansısa xarici qüvvənin aranı qarışdırmağa, parçalanma yaratmağa hesablanmış planları heç vaxt baş tutmayacaq.

Missiya.Az



  • 23-06-2023, 17:14