AZ   |   RU
Sülh danışıqlarını ləngidən məqamlar - Bakı ilə İrəvan hansı məsələdə razılaşa bilmirlər?


Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra tərəflərin sülh müqaviləsi imzalaması ilə bağlı danışıqlar hələ də davam etməkdədir. Danışıqlar ilk başda Brüssel və Moskvanın vasitəçiliyi ilə aparılırdısa, sonra bu prosesə Vaşinqton da qoşuldu. May ayının əvvəllərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda bir araya gəldi və 4 gün davam edən müzakirələrdən sonra müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq, yekun sülh müqaviləsinin imzalanması ilə bağlı razılıq əldə olunmadı. Və bütün bunlar göstərdi ki, tərəflər arasında hansısa məsələlərin müəyyən edilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Bu fikir ayrılıqların biri də Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsidir. İrəvan “beynəlxalq mexanizm” və “Xankəndi-Bakı formatı” kimi istəyini davam etdirir, Azərbaycan isə bundan qəti şəkildə imtina edir. Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqu davam etdirməkdə maraqlı olmasına baxmayaraq, onlarla tərəf kimi danışıqların təşkil edilməsini qəbul etmir. İrəvan isə çalışır ki, Qarabağ ermənilərini Azərbaycanla danışıqlarda tərəf kimi qəbul etdirsin. Ancaq İrəvanın nə istəməsindən asılı olmayaraq, Azərbaycan bu təklifi qəbul etməyəcək.

Tərəflər arasında fikir ayrılıqlarından biri də delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında aparılması məsələsidir. İyun ayının əvvəlində Kişinyovda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən beştərəfli görüş zamanı da tərəflər delimitasiya və demarkasiya məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Kişinyov görüşündən sonra Paşinyan sərhədinin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılmasına dair razılığının olduğunu iddia etdi. Sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə əsasən aparılmasını nəzərə alsaq, o zaman Qazaxın 7 kəndi və Kərki Azərbaycana veriləcək. Ermənistan isə həmin xəritəyə əsasən Başkəndin onlara verilməsini istəyir. Bundan əlavə İrəvan Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərinin də onlara verilməsini istəyir. Əgər anklavların geri qaytarılması baş verərsə bu zaman hər iki tərəf dəhliz yaratmaq problemi ilə üzləşəcək. Bu isə Bakı və İrəvanın maraqlarına uyğun deyil. Çox ehtimal ki, tərəflər bu məsələdə uzlaşaraq, Başkəndin Azərbaycanda, anklavların isə Ermənistanda qalması barədə razılığa gələcəklər. Çünki bu indiki mühitdə hər iki tərəfin maraqlarına uyğundur.

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bu gün parlamentdə çıxışı zamanı bildiribki,  hazırda hansı ilin xəritəsi əsasında  delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur". Erməni siyasətçinin də sözlərindən aydın olur ki, tərəflər sərhədlərin delimitasiya məsələsinin 1975-ci ilə xəritəsinə uyğun olaraq aparılması istiqamətində ortaq dil tapa bilməyiblər. Çox ehtimal ki, bu ay Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün təxirə salınmasının başlıca səbəblərindən biri də, bu məsələ ilə bağlı yaşanan fikir ayrılığıdır.

Daşqın Həsənov
Missiya.Az



  • 19-06-2023, 17:23