AZ   |   RU
Ermənilər niyə məğlub Paşinyana səs verdilər? - Politoloq detalları şərh etdi - ÖZƏL

Ermənistanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərində hazırki baş nazir Nikol Paşinyanın qalib gəlməsi geniş müzakirələrə səbəb olub. Bir çoxları Paşinyanın 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı məğlubiyyətə düçar etdiyi, 5-6 mindən çox erməni əsgərin həyatına son qoyduğu, ölkə iqtisadiyyatını bərbad vəziyyətə saldığı üçün seçilməyəcəyini düşünürdü. Amma tam tərsinə oldu. Paşinyan Rusiyanın dəstəklədiyi, revanşist qüvvələrin aparıcı simalarından olan keçmiş prezident Robert Köçəryanı böyük səs çoxluğu ilə məğlub etdi. Qeyd edək ki,  “Vətəndaş Razılaşması” Partiyası 53,92 % səs toplayıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 səs yığıb.
 
Təbii ki, Azərbaycan cəmiyyəti də Ermənistandakı seçkiləri yaxından izləyir və Paşiyanın niyə müharibədə məğlub olduğu halda seçkilərdə erməni xalqının böyük səsini alması ilə bağlı analizlər edirlər.
 
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Nikol Paşinyanın seçkilərdə qalib gəlməsinin səbəblərini Missiya.Az-a danışıb. 
 
Politoloqun sözlərinə görə, ermənilər bölgədə sülhə, Azərbaycan və Türkiyə ilə dinc, yanaşı yaşamağa səs verdilər: “Onlar dinc və mehriban qonşuluq çərçivəsində yaşayışını təmin edəcək şəxs kimi Nikol Paşinyanı seçdilər. Paşinyan öz siyasəti ilə Ermənistanda bir çox sterotiopləri dağıtmağa nail oldu. Həmçinin Robert Köçəryan, Serj Sarkisyan və.s kimi erməni riyakarların, xalqlara nifrət aşılayan qrupların söylədiklərini ayaqlayıb keçdi. Erməni xalqı anlamağa başlayır ki, qonşularla müharibə etmək, başqa xalqların torpaqlarına göz dikmək olmaz, qonşularla dost olmağı bacarmaq lazımdır”.
Qabil Hüseynli bildirib ki, 44 günlük müharibə erməni cəmiyyətinin 30 illik röyadan oyatdı: “Biz görürük ki, erməni cəmiyyətinin xeyli hissəsi ayılıb, siyasi şərlatanların fitnələrindən uzaqlaşırlar. Ermənistan cəmiyyətində ciddi dəyişikliklər hiss olunur. Müharibəni bir çox xalqlar istəmir. Amma erməni xalqı fərqli bir xalq idi. Erməni xalqını uzun müddət Azərbaycan xalqına, ümumiyyətlə türk dünyasına qarşı nifrət ruhunda tərbiyə ediblər. İnandırıblar ki, onların çatışmazlıqlarının əsas səbəbi türk xalqlarıdır. Sözsüz ki, erməni cəmiyyətinin oyanmasına Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirlən və 44 gün davam edən “Dəmir Yumruq” əməliyyatının böyük rolu oldu. Ermənilər Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra sanki röyadan ayıldılar. Elə Paşinyanın özünün də oyanmasında, hadisələri düzgün analiz etməsində 44 günlük müharibənin böyük təsiri oldu. Paşinyan da bölgədəki proseslərə ayıq gözlə yanaşmağa başladı və buna az-çox nail olub. Azərbaycan ordusunun qələbəsi və eyni zamanda torpaqlarımızın işğaldan azad olunması, ermənilərə sübut etdi ki, onlar qonşularla dinc, yanaşı yaşamaq məcburiyyətindədirlər. Başa düşdülər ki, indiyə qədər onlara söylənilən, qulaq asmağa məcbur edildikləri müxtəlif şovinist, millətçi çağırışlar yalan və xülyadan başqa bir şey deyil. Əsas məsələ qonşularla dinc yaşamağı bacarmaq, iqtisadi, siyasi və digər münasibətləri inkişaf etdirməkdir. Bununla Ermənistan özünün də maddi rifahını təmin etmək imkanı əldə edəcək. İmzalanmış üçtərəfli müqavilələrin müddialarının yerinə yetirilərsə, sərhədlər demarkasiyasiya olunarsa, kommunikasiya xətləri açılarsa və bu kimi digər iqtisadi layihələrin həyata keçirilərsə, hətta İran və Rusiyanın da daxil olduğu altılıq layihəsi də gerçəkləşdirilməsi baş tutarsa, bu, həm Paşinyanın, həm erməni xalqının, həm də bölgə xalqlarının gələcəyə doğru yönəlmiş böyük qələbəsi olacaq”.

Elvin Məmmədov
Missiya.Az 


  • 21-06-2021, 17:23