Ukrayna prezidenti Volodimir Zelenski Xerson vilayətinə səfərə edib.
Missiya.Az xəbər verir ki, bu barədə Zelenski özünün “teleqram” kanalında məlumat yayıb.
Bildirilir ki, o, Kaxovka SES-in bəndinin partladılması nəticəsində dəyən ziyanın, dağıntıların fəsadlarının aradan qaldırılmasına dair müşavirə keçirib.
Məlumata görə, müşavirə zamanı təbii fəlakət nəticəsində regionda yaranmış operativ vəziyyət, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin partlaması nəticəsində yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması və su basmış insanların həyat təminatının təşkili kimi məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, görüşdə regionun ekosisteminin bərpası perspektivləri və texnogen fəlakət zonasında operativ hərbi vəziyyət də müzakirə olunub.
"İtkiləri hesablamaq və təbii fəlakətdən zərər çəkmiş sakinlərə kompensasiya üçün vəsait ayırmaq, itkiləri kompensasiya etmək və ya Xerson vilayəti daxilində müəssisələrin köçürülməsi proqramı hazırlamaq vacibdir", - Zelenski vurğulayıb.
Ukrayna lideri daha sonra Xersonda əhalinin su basmış ərazilərdən köçürüldüyü keçidə baş çəkib.
"Bizim vəzifəmiz mümkün qədər həyatı qorumaq və insanlara kömək etməkdir. Xilasedicilərə və könüllülərə təşəkkürlər! Bu işdə əməyi keçən hər kəsə təşəkkürlər!", - deyə Zelenski qeyd edib.
Daşqın Həsənov
Missiya.Az