AZ   |   RU
"Rəcəb Tayyib Ərdoğan Türkiyənin mövqelərinin daha da güclənməsini təmin edən tarixi liderlərdəndir" - Ekspert



"Azərbaycanla Türkiyənin qardaşlığı məhz cənab İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğanın dövründə daha güclü formada inkişaf etdi. İki ölkə rəhbərinin şəxsi dostluğu, eyni zamanda qardaşlığı bu münasibətlərin bir pillə də irəliyə getməsinə səbəb oldu".


Bu sözləri Missiya.Az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.


Siyasi ekspert qeyd edib ki, Türkiyə seçkilərində cənab Ərdoğanın qələbə qazanması münasibəti ilə onu ilk təbrik edənin Azərbaycan prezidenti İlham Əliyevin olması bizim üçün müstəsna əhəmiyyətə malikdir:


"Eyni zamanda, iki ölkə xalqının gələcək rifahı dövlətlərarası münasibətlərin daha da inkişaf etməsi, məhz cənab Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlı olacaq. İlham Əliyevin seçki bitənə kimi Ərdoğana, Türkiyəyə getməklə və tədbirlərə qatılmaqla bağlı təklifi də Azərbaycan Türkiyə qardaşlığını bir daha nümayiş etdirir".


Tural İsmayılov bildirib ki,  Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə verdiyi töhfələri Atatürk dövrü ilə də müqayisə edə bilərik:


"Rəcəb Tayyib Ərdoğan bütün Türk dünyasında və qlobal məkanda Türkiyənin mövqelərinin daha da güclənməsini təmin edən tarixi liderlərdəndir. Onun hakimiyyəti dövründə iqtisadiyyat, ətraf mühit və şəhərsalma, enerji, kənd təsərrüfatı, mədəniyyət və turizm, xarici əlaqələr, müdafiə sənayesi, sənaye və texnologiya sahələrində Türkiyə dünyada önəmli güc mərkəzinə çevrilib ".


Politoloqun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə mütəşəkkil sənaye zonalarının sayı 192-dən 3330-a çatıb:


"Əminliklə demək olar ki, Türkiyə PUA, hibrid avtomobil, gələcəkdə isə qırıcı təyyarə və başqa hərbi və mülki sənaye sahəsində dünya liderliyinə iddialı olacaq. İki il əvvəl müdafiə sənayesi layihələrinin büdcəsi 5,5 milyard dollardan 75 milyard dollara çatıb. Türkiyə dünyanın aparıcı pilotsuz uçuş aparatları istehsalçıları və ixracatçılarından birinə çevrilib. Türkiyənin hazırda Milli Kosmik Proqramı mövcuddur. Türkiyə dünyanın önəmli coğrafiyalarında nüfuza və həmçinin hərbi mövcudluğa malikdir. Ərdoğanın mövqeləri qlobal sülhə böyük töhfələr verir”.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 29-05-2023, 18:03