AZ   |   RU
Azərbaycanda Müstəqillik Günüdür


1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

Müstəqillik Günü artıq 3 ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.




  • 27-05-2023, 23:59