Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsin əldə olunmasını müzakirə etmək üçün Roma Papasının xüsusi nümayəndələri ilə danışıqlar aparmağa razılaşıblar.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Vatikanın “il Sismografo” saytı yazıb.
Nəşrin məlumatına görə, İtaliya Yepiskoplar Konfransının rəhbəri kardinal Matteo Zuppi və Şərq kilsələri üzrə dikasteriyanın prefekti arxiyepiskop Klaudio Qucerottinin Kiyevə göndərilməsi ilə bağlı ilkin razılaşmalar var, amma bu adlar yekun deyil.
Qeyd olunur ki, Müqəddəs Taxt-Tac Rusiya və Ukraynanın səfirlikləri vasitəsilə Moskva və Kiyevdən barışa aparan danışıqlar yolunun açılması imkanlarını müzakirə etmək üçün Papanın elçilərinin qəbul edilməsini xahiş edib. “İl Sismografo” yazır ki, Moskva və Kiyev ilkin və yekun olmayan cavabda prinsipcə buna razı olduqlarını bildirib, hər iki paytaxta eyni adamların gedib-getməyəcəyini soruşub və onlar barədə ətraflı məlumat istəyiblər.