AZ   |   RU
Qazax Müəllimlər Seminariyası Gürcüstandakı Azərbaycandilli məktəblər üçün kadr hazırlayacaq


Qazax Müəllimlər Seminariyası Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin təhsilverənləri üçün yaxşı imkanlar açır.

Missiya.Az 
APA-ya istinadən müxbiri xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Gürcüstan tərəfi ilə aparılan müzakirələrdə Gürcüstandakı Azərbaycandilli məktəblərin və azərbaycandakı gürcüdilli məktəblərin dərsliklərinin inkişaf etdirilməsi və uyğunlaşdırılması istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb:

“Ümumi razılaşma budur ki, xüsusilə də dərsliklərin məzmunu və uyğunlaşdırılması məsələsində əməkdaşlıq genişləndirilməli və daha da inkişaf etdirilməlidir. Gürcüstanda yaşayan soydaşlarımızın öz dillərini, mədəniyyətlərini və kimliklərini daha yaxşı öyrənməsi və əxz etməsi baxımından məktəbin rolunun artırılması və azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası baxımından gürcü dilini öyrənməsi - hər iki hədəfə çatmaq ümumi məqsəd qəbul edilib. Müəllim hazırlığı məsələsini ayrıca müzakirə etdik. ADA universiteti tərəfindən Qazax Müəllimlər Seminariyasının bərpasından sonra orada yaradılmış şəraitlə bağlı həmkarlarımıza məlumat verdik. İnanırıq ki, həmin müəssisə həm də Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin təhsilverənləri üçün yaxşı imkanlar açır”.

Nazir qeyd edib ki, tərəflər müəllim hazırlığı ilə bağlı birgə proqramların həyata keçirilməsini müzakirə ediblər:

“Eyni zamanda, birgə proqramların və ikili proqramların həyata keçirilməsini müzakirə etdik. Xüsusilə də müəllim hazırlığı sahəsində, çünki hazırda Azərbaycanda və Gürcüstanda müəllim hazırlığı proqramları bir-birindən fərqlidir. Bu istiqamətdə ortaq nöqtəyə gəlməyin vacib olduğunu həmkarımla müzakirə etdik. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblərin də müəllim heyəti üçün müvafiq təlimlərin keçilməsini vacib hesab edirik”, - Emin Əmrullayev qeyd edib.




  • 18-05-2023, 19:00