AZ   |   RU
Araz çayını Ermənistan çirkləndirir - İran rəsmisi


"Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsi təsdiqini tapıb".

Missiya.Az
"Azad İran" kanalına istinadən xəbər verir ki, bu barədə İranın Enerji Nazirliyinin Su Sənayesi Təşkilatının sözçüsü Firuz Qasımzadə deyib.

O, "İLNA" ya müsahibəsində Araz çayının Ermənistanın sənaye tullantıları ilə çirklənməsi və bunun çaya yaxın əyalətlərə mənfi təsiri haqda bildirib: “Bu problem uzun illərə dayanır və İran təxminən 10 il əvvəl Ermənistanla ciddi danışıqlar aparıb. İndi məsələ Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən araşdırılır”.

Firuz Qasımzadə əlavə edib ki, aparılan araşdırmalara görə, çayı çirkləndirən bəzi mədənlər müəyyən edilərək İranın Energetika Nazirliyi tərəfindən onlara baxış keçirilməsi üçün müraciət edilib. Məsələyə artıq Ermənistan Prokurorluğu və Ekologiya Təşkilatı tərəfindən də baxılır.

“İndi məsələ ciddi araşdırılır və Ətraf Mühitin Mühafizəsi Təşkilatı da problemin həlli üçün erməni tərəfi ilə danışıqlar aparır. Ermənistan hökuməti də əmin edib ki, buna mütləq nəzarət olunacaq və əgər hər hansı belə hallar varsa, müəyyən edilib qarşısı alınacaq”, - İran rəsmisi qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 10-05-2023, 13:37