AZ   |   RU
Cəbrayılın Horovlu kəndinin təməli qoyulub


Mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməli qoyulub.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Əvvəlcə kənddə görüləcək işlər və yaradılacaq şərait barədə videoçarx nümayiş olunub.

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib.

Qeyd olunub ki, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.

Prezident İlham Əliyev Horovlu kəndinin təməlini qoyub.



  • 4-05-2023, 20:33