"Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar, fikrimcə, investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik".
Missiya.Az "Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
“Azərbaycanda yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab edirəm ki, böyük potensial yaradır. Bundan əlavə, coğrafi yerləşməmiz. Dediyim kimi, Azərbaycan təkcə Şərq-Qərb deyil, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib. Yəni, potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə tranzit ölkəsi olmaq kifayət deyil”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.