AZ   |   RU
Rusiya Ermənistan üçün xilas yolunu açıqladı: “Naxçıvana dəhlizin açılması, Azərbaycan limanlarından istifadə imkanı... – Danışıqların detalları

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk "Rossiyskaya Gazeta"ya verdiyi müsahibəsində Ermənistanın Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə edə biləcəyinin istisna olunmadığını deyib.
 
Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin çox mürəkkəb olduğunu və tarixin dərinliklərinə gedib çıxdığını qeyd edən Overçuk, ötən illər ərzində çoxlarının dəhşətli kədərlərə dözdüyünü, evlərini tərk etdiyini və doğmalarını itirdiyini xatırladıb.
 
Sitat: “Problemin insanların evlərinə qayıtmayacağına əmin olmaq vacibdir. Biz yaraları sağaltmağa, ortaq bir sülh yaratmağa çalışmalıyıq. Reallıq budur ki, Rusiyaya yaxın və dost olan bu xalqlar qonşu olublar və olacaqlar. Orada yaşayan insanlar dinc yaşamaq, övlad böyütmək və nəvələrindən həzz almaq istəyirlər. Bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair danışıqların bütün iştirakçıları məhz bu nöqtədən irəli gəlirlər. Hər kəs öz xalqı üçün daha yaxşı bir həyat qurmaq istəyir. Rusiya bu işdə onlara kömək edir” - sitatın sonu.
 
Aleksey Overçuk Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən nəqliyyat əlaqəsi yaratmaq (Zəngəzur dəhlizi - Red) imkanlarının nəzərdən keçirildiyini də bildirib. O, eyni zamanda Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiyaya və ya Ermənistan və Rusiyadan Naxçıvan yolu ilə İrana hərəkət imkanının yaradılmasının da müzakirə olduğunu açıqlayıb.
 
Sitat: “Bundan əlavə, Ermənistanın Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməsi də istisna olunmur. Bu yol Ermənistandan Orta Asiya ölkələrinə, Orta Asiya ölkələrindən Ermənistana mal daşınması üçün imkan yarada bilər. Bildiyiniz kimi, Ermənistanın dənizə birbaşa çıxışı yoxdur. Ermənistanın Türkiyə və Azərbaycanla çox mürəkkəb tarixi münasibətləri var və bu ölkələrlə sərhədləri bağlanıb. Ermənistanın İranla kiçik bir quru sərhədi var. Lakin bu yol çətin relyefə malikdir və normal nəqliyyat şəraitinin qurulmasına imkan vermir. Ermənistanın hazırda xarici dünya ilə nəqliyyat əlaqələri Gürcüstandan Yuxarı Lars beynəlxalq keçid məntəqəsi vasitəsilə qurulur. Bu yol keçidinin də məhdud tutumu var və hava şəraiti ilə əlaqədar ildə bir neçə dəfə bağlanır. Yüzlərlə yük maşını orada toplanır, dayanıb yolun açılmasını gözləyirlər” - sitatın sonu.
 
Rusiya baş nazirinin müavini Yuxarı Lars keçid məntəqəsinin Ermənistanın iqtisadi inkişafına imkan vermədiyini deyib. O qeyd edib ki, bu yoldan istifadə miqrasiya proseslərinə mənfi təsir göstərir və Ermənistanın potensialını tam şəkildə ortaya qoyaraq çiçəklənən bir ölkəyə çevrilməsinə imkan vermir.
 
Overçuk onu da bildirib ki, bölgədəki nəqliyyat blokadasının aradan qaldırılması Rusiya, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və bütün qonşu ölkələr üçün vacibdir. Onun sözlərinə görə, blokadanın aradan qaldırılması Ermənistana İran Fars Körfəzi limanlarını Qara dəniz limanları ilə, eləcə də Baltik və Sakit Okeandakı Rusiya limanlarını birləşdirmək imkanı verəcək.
 
Sitat: “Bu vasitə ilə Ermənistan öz istehsalını genişləndirəcək. Çünki yeni satış bazarlarına girişi olacaq və ölkədən məhsul ixracı imkanlarını məhdudlaşdıran amillər keçmişdə qalacaq” - sitatın sonu.
 
Overçuk onu da vurğulayıb ki, müasir tarixdə bu cür imkanlar heç vaxt yaranmayıb. “Şübhəsiz ki, bu yeni konfiqurasiyada əsas faydalananlar Azərbaycan və Ermənistan olacaqdır. Rusiya bu məsələdə onlara və bölgədəki bütün ölkələrə kömək edir” – deyə Overçuk qeyd edib.
 
Missiya.Az

  • 11-06-2021, 15:04