AZ   |   RU
Lavrovun Qarabağla bağlı "status" mesajı – Proseslər İlham Əliyevin dediyi kimi cərəyan edir – BİZİM ŞƏRH

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağın “statusu” ilə bağlı verdiyi son açıqlama bir daha göstərir ki, rəsmi Moskvanın bu məsələdə mövqeyi qətidir. Lavrov bildirib ki, Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır.

Onun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

Rusiya xarici işlər nazirinin bu açıqlamasını 3 istiqamətdə şərh etmək olar.

Birincisi, Lavrovun son 2 gün ərzində verdiyi ard-arda açıqlamalarla rəsmi Moskvanın İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyini daha aydın şəkildə ifadə edir. Qeyd edək ki, Rusiya XİN başçısı nəqliyyat yollarının açılması məsələsində Türkiyə ilə razılığa gəldiklərini demişdi. Bu açıqlamalar göstərir ki, hazırda Rusiya üçün “status” deyil, kommunikasiyaların açılması daha önəmlidir.

Digər tərəfdən, ölkə başçısı İlham Əliyev hələ müharibə davam etdiyi dönəmdə “status” məsələsinin “gorbagor” olduğunu bəyan etmişdi. Rəsmi Moskva Azərbaycan rəhbərliyinin qəti mövqeyinin olduğunu anlayır və siyasi gücünü, təsir imkanlarını heç vaxt reallaşmayacaq “status” xəyalları ilə itirmək istəmir. Moskva üçün əsas prioritet Azərbaycanla münasibətlərin yaxşı olmasıdır.
İkincisi, imzalanan üçtərəfli bəyanatla Rusiya Ermənistan və Azərbaycan arasında əlaqələrin qurulmasında əsas vasitəçi rolunu yenə özündə saxladı. Minsk Qrupunun digər həmsədrləri ABŞ və Fransa prosesdən kənarda qaldı. Təbii ki, Vaşinqton və Paris “status” məsələsini qabartmaqla, münaqişənin həll olunmadığı görüntüsünü yaratmağa cəhdlər göstərirlər. Sergey Lavrov isə “statusla” bağlı verdiyi açıqlama ilə Qərb dairələrinə mesaj ünvanlayır və bəyan edir ki, Rusiya əsas vasitəçi və regional oyunçu kimi Qarabağın “statusu” məsələsində maraqlı deyil.

Üçüncüsü, Lavrov “statusla” bağlı səsləndirdiyi mesajlarla Ermənistanda seçkiqabağı revanşist fikirlər səsləndirən qüvvələrə mesaj göndərir. Çünki İrəvandakı siyasi dairələr seçkilərdə çox səs toplamaq üçün xalqa yalan vədlər verir, seçilərlərsə, Qarabağla bağlı müsbət qərarlar qəbul edəcəklərinə, prosesi Ermənistanın xeyirinə yönəldəcəklərinə dair populist açıqlamalar səsləndirirlər. Lavrov isə bu mövqeyi ilə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olan Moskvanın “statusla” bağlı mövqeyinin dəyişmədiyini, İrəvandakı siyasi qüvvələrin bəyanatlarının heç bir əhəmiyyət daşımadığını bəyan edir.

Ümumilikdə, Azərbaycan qalib tərəf kimi bütün şərtləri diqtə etmək imkanına malikdir. Rəsmi Bakı “status” məsələsinin gündəmdə olmasında maraqlı deyil. Bu səbəbdən, Sergey Lavrovun “statusla” bağlı verdiyi açıqlama Azərbaycanın maraqlarına tamamilə uyğundur. Proseslər göstərir ki, “Qarabağın statusu” anlayışı zamanla tamamilə gündəmdən çıxacaq.

Elvin
Missiya.Az  

  • 11-06-2021, 13:14