Bu vətənin hər qarışını canımı qurban edəcək qədər sevirəm. Hər kəndi, hər şəhəri, dağı, aranı, yaylağı mənim üçün cənnətdir Azərbaycan adlı bu məmləkətin. Bir də bu məmləkətin bir Naxçıvanı var ki, sanki anadan ayrı düşən bir baladır. Mən o diyarı bir ana sevgisi ilə, bala bağlılığı ilə sevirəm.
Heç görmədən sevdalanmışdım Naxçıvan adlı diyara. Sevgim şəhidlərimin vətən sevgisi qədər pak, təmiz idi. Elə şəhidlərimin sayəsində də ulu torpağı xəyalən qarış-qarış gəzmişdim. Ən böyük arzum idi o torpaqda şəhid adını elə şəhid adına layiq şəkildə anım. Çox şükür 4 aprel 2023-cü ildə o arzuma çatdım. İllərlə xəyalımda canlandırıb göz yaşı tökdüyüm həmin tədbir real oldu. Bu dəfə xəyaldan ayıldım deyə yox şəhid ailələrini bağrıma basarkən göz yaşlarıma hakim ola bilmədim. Yüzlərlə ürək eyni anda şəhid sevgisi, şəhid həsrəti ilə döyünürdü. Naxçıvan torpağında şəhid adına keçirilən ilk böyük tədbiri keçirməyin qürurunu yaşamaq yaşadığım ən gözəl duyğulardan idi. Bu aylarla çəkilən zəhmətin bəhrəsi idi. Toğrul Məmmədovun adına layiq bir kitab ərsəyə gətirmək qədər o kitabı təqdim etmək də çətin və məsuliyyətli idi. Artıq üçüncü təqdimat mərasimi idi ki "Qeyrət təcəssümü" oxuculara təqdim olunurdu. Digər iki tədbirdə olduğu kimi "Bacardıq" deyə bilmək üçün hər vəchlə çalışdıq. Şəhid qardaşı Üzeyir Məmmədov Naxçıvanda, mən Bakıda olsaq da məsafələr görüləcək işlərimizə əngəl ola bilmədi. Nəhayət ki, o möhtəşəm gün çatdı.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə sözün əsil mənasında qürur ilə kədər tən yaşandı. Əlahiddə Ümumqoşun Ordusunun orkestr heyətinin müşayiətilə şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. O an şəhid ailələrinin gözləri bulud kimi boşalıb dolsa da yenə də başları dik idilər. Çünki vətənə qurban olan minlərlə candan biri də onların canlarından ayrılan canlar idi.
Aprel döyüşlərinin yeddinci ildönümü ərəfəsində keçirilən bu tədbir şəhidlərimizin adlarının əbədiyaşar olmasının bir sübutu idi. Tədbirin aparıcısı, gənc olmasına baxmayaraq istedadı ilə ürəkləri fəth edən Səyyad Məmmədovun adımı çəkdiyi anda ürəyimin döyüntüsü bir qədər də artdı. Asan deyildi o səhnədə çıxış etmək. Yüzlərlə şəhid ailələrinin, hərbçilərin, qazilərin və digər qonaqların qarşısında Ulu Naxçıvan şeirini səsləndirdiyimdə sanki bu ulu torpaqda uyuyan şəhidlərimin ruhlarını yanımda hiss etdim. O alqış sədaları ömrümün sonuna qədər qulaqlarımdan getməyəcək.
Tədbir dəyərli insanların fikirləri ilə davam etdi. Şəhid qardaşı, kitabın yazılmasında biləvasitə rolu olan Üzeyir Məmmədov çıxışında illərdən sonra şəhid qardaşının adına bu addımı atmağın onun üçün nə qədər önəmli olduğunu dilə gətirdi.
Şəhid ailələrinin, qazilərin, iştirakı ilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu heyəti, icra nümayəndələri, Təhsil Nazirliyinin nümayəndələri, Mədəniyyət Nazirliyinin nümayəndələri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Unversitetinin rektoru Anar Kazımov, Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Naxçıvan MR Televiziya və Radio Verlişləri QSC-nin sədri Sahil Tahirli, Gənclər və İdman naziri Ramin Hacı, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar və bir çox qonaqlar iştirak etdilər.
Əlahiddə Ümumqoşun Ordusunun nümayəndəsi, Ağdam Rayon İcra başçısının müavini Xəqani Nəzərov və Toğrul Məmmədovun silahdaşı Xanı dayı, Mayor Məmmədov Rasim Əbdül oğlunun anası Nazilə xanım, kapitan Savalanov Nəcməddin Akif oğlunun anası Ramilə xanım, Hüseynov Raqib Adil oğlunun anası Rəna xanım, Sadiqov Emin Rəşadət oğlunun anası Gülşad xanım, Gülməmmədov Amin Mayis oğlunun atası Mayis müəllim, Quliyev Şahmar Kəmaləddin oğlunun xanımı Gülnarə xanım, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatları Anar İbrahimov, Etimad Məmmədov, Toğrulun ilk müəlliməsi Nazilə müəllim, Heydər Əliyev adına Hərbi Liseydə sinif rəhbəri olan Bəyim müəllimə, Toğrulun uşaqlıq dostları, kursant yoldaşları,"Qeyrət təcəssümü" kitabı haqqında fikirlərini dilə gətirdikcə mənim duyğularım gözlərimdən calanırdı. Bir də şəhid ailələrinin mənə özəl olaraq hazırlatdıqları Naxçıvanın simvolu məni göz yaşlarına qərq etdi. O. Tədbirdə nələr yaşamadın ki? Duyğunun hər rəngini yaşadım. Bəzən gözlərim sevincdən doldu, bəzən isə kədərdən.
Tədbirdə "Qeyrət təcəssümü" kitabında yer alan "Qisasım alındı" şeirimə Fərid Kərimlinin bəstələdiyi həzin nəğmə Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov və gənc müğənni Nigar Rəhimovanın ifasında dinlənildi. Son olaraq bir zamanlar Toğrul Məmmədovun təhsil aldığı Babək rayon Şıxmahmud kənd tam orta məktəbinin 2 b sinif şagirdləri və onların sinif müəllimələri Toğrul Məmmədovun bacısı Şəbnəm Məmmədova səhnəyə çıxaraq "Qeyrət təcəssümü" kitabında yer alan şeirləri səsləndirdilər. O körpələrin vətən sevgisi bir anda qəlbimə doldu. Şəhid Toğrulun bacısı Şəbnəm xanım öz duyğularını dilə gətirərək illərdi Toğrul Məmmədovun adının layiq olduğu kimi Azərbaycan xalqı tərəfdən tanınması arzusu ilə yaşadığını və həmin arzuya çatdığını dilə gətirdi. Tədbirin sonunda "Vətən fədailəri" layihəsinin dəstəkçisi, şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov çıxış edərək "Vətən fədailəri" layihəsi çərçivəsində görüləcək işlərdən danışdı.
Sonda xatirə şəkli çəkilərək unudulmaz anlar əbədiləşdirildi.
Ulu Naxçıvan
Vüqarın şəhidlər şəninə təndir,
Şəhidlər qoynunda qönçə bitəndir,
Hər daşın, hər qayan bizə vətəndir,
Səninlə tam olur bu Azərbaycan.
Hüsnünə heyranam Ulu Naxçıvan,
Şəhid anasıtək vüqarlı torpaq,
Şəhid atasıtək məğrur, üzüağ,
Şəhid yarlarının qəlbindəki dağ,
Varlığın təsəlli, varlığın güman
Şəhid məqbərəsi Ulu Naxçıvan.
Sürünüm köksündə mən dizin-dizin,
Kaş qurban olardım yolunda özüm,
Səni vəsf etməyə acizdir sözüm,
Sən nəqş olunduğun mənəvi dünyam
Ən gözəl əsərdi Ulu Naxçıvan.
Günəş Zəngəzurdan şəfəqin saçır,
Şəhid oğulların köksünü qucur,
Xarıbülbül azad Şuşada açır,
O taydan bu taya yetişir salam,
Ərənlər oylağı Ulu Naxçıvan.
Manya Səxavətqızı