AZ   |   RU
Kəlbəcərdəki terror, şəhid balalarının ahı və Qərb küləyinə oynayanlar


Erməniyə dayı deyən  müxaliflər niyə dövləti ittiham edir?
 
Aylar öncə cənab Ali Baş Komandan müharibənin bitməsi ilə bağlı xalqı müjdələyəndə, prosesin  növbəti mərhələyə - diplomatiya müstəvisində mübarizəyə keçid aldığını da bildirmişdi. Prezidentin dediyi hər kəlmənin necə həyata keçdiyinə şahidlik etsək də, bu sözləri qulaqardına vurub, düşmənin dəyirmanına su tökənlər adət etdikləri peşələrindən əl çəkmək bilmirər.
 
Azərbaycanın əleyhinə olan hər bir  insidenti toy-bayram kimi qəbul edən ermənixislətli müxaliflər ən çətin, həssas məqamlarda zərbəni zərbə dalıyca endirməkdən sanki həzz alır. Bir neçə gün öncə jurnalistlərimizin hərbi maşınla minaya düşərək şəhid olması, vətən, millət  təəssübkeşlərini sarsıtdığı qədər, abırsız müxalif blogerlərin, özünə siyasətçi deyən  müxalif fəalların sanki ürəyinə yağ kimi yayıldı.

Biz Vətənə xidməti borcunu yerinə yetirərkən şəhid olan qardaşlarımızın taleyini yarım qoyan faciənin səbəbkarlarına lənət oxuyarkən, onlar bu gənclərin şəhadətinə min bir bəzək vurub,öz mənafeləri üçün istifadə etməyə başladılar. Torpaqlar işğaldan azad edildikdən dərhal sonra qaçqın və məcburi köçkün soydaşlarımızın öz torpaqlarına qayıtmasının vacibliyindən danışanlar, düşmənin yürütdüyü terror siyasətini kor gözləri ilə görə-görə, nədənsə susmağa üstünlük verdilər. Düşmən xaincəsinə təxribat edib, peşəkar jurnalistlərimizi şəhid edərkən, neçə neçə insanın həyatına qəsd edərkən, bizim ağzıgöyçəklər məsuliyyət sahibini öz içimizdə axtarmağa başladılar.
 
Arif Hacılı kimi uğursuz bir “siyasətçi” cənab prezidentin nə siyasi gedişlərini, nə də planlarını anlayacaq kafaya sahib olmadığı üçün bu dəfə də erməni-hay dostlarına qahmar çıxmağa çalışdı. Çox acınacaqlı məqamdır. Vətəndaşlarımızı öz doğma torpaqlarında hiylə, xainlik və şərəfsizcəsinə qətl edən qalıb kənarda, hədəf Azərbaycan dövləti və ölkə başçısıdır.  Tam bizim müxalifətə yaraşan tərz! Durub soruşacaqsan, baş verən olayla bağlı bir xarici təşkilata müraciət etdinmi? Cavab tapılmayacaq. Bəs o həyasız, eşşək arısı kimi vızıldayan blogerlər ermənilərə niyə lənət yağdırmır, görəsən? Bəlkə də düşmənin xeyrinə apardıqları təbliğatdan  artıq hamının fərqində olduğundan xəbərsizdilər. Erməni mətbuatına müsahibə verən kim, erməniləri dəstəkləyən, tərifləyən kim. Bunları edənin bizdən biriolduğunu bilmək üzücüdür. Vicdandan  tamamən məhrum olmuşlardan başqa ürəkaçıcı nəsə gözləmək absurd olsa da, digər yandan sevindiricidir ki, bu nakəslər özləri özlərini ifşa edirlər. Bu şəhidlər sizin deyil. Sizin olsa, ən azından dəfn mərasiminə gələrdiniz. Canını fəda edənlər sizi incitməsin. Onlar, Vətən sizin ümidinizə qalmasın, deyə şəhid oldular. Manqurtlardan biri öz səhifəsində yazıb ki, tək bizə düşmən olanlar yox, ləyaqətli şərəfli insanlar da  bizi haqsız hesab edirlər. Əcəba, o “şərəflilər” hansı əməlimizə görə bizi haqsız sayırlar?! 30 il işğal altında inləyən viran qalmış torpaqlarımızı qaytardığımıza görəmi? Bəlkə şəhidlərimizin qanı-canı bahasına el-obalarımıza yenidən həyat qaytardığımıza görə?..
 

Erməninin hər alçaqlığının arxasında bir şərt durur.  Bu şərtlərin çoxu sizə tanışdır. Məhz sizlər belə diqtələrə boyun əyib, Qarabağı düşmənə  təhvil vermişdiniz! Azərbaycan xalqı hər zaman mərd, savaş ruhlu, Vətənə bağlı olub. Dəyişən heç nə yoxdur. Bu dəfə  dəyişən odur ki, xalq arınıb. Sizin kimi zərərverici, könülbulandırıcı həşəratları üzə çıxarıb əzir... Siz havadarlarınızla birlikdə, eynilə ermənilər kimi məğlub olmusunuz. Çünki dəmir yumruqdan sizə də pay düşüb. O torpaqları qarış-qarış qaytardığımız kimi, qarış-qarış təmizləyib, yenidən quracağıq. Bu, sizsiz olacaq. Sizin ən böyük lənətiniz odur ki, azərbaycanlı ola-ola, nə böyük qələbədə, nə də böyük qayıdışda payınız olacaq. Bu dövlətin yanında duranlar Qarabağı qaytardı, Qələbəni qazandı. İndi də Böyük Qayıdışa hazırlaşırlar. Siz isə süpürgə dalında qurum tutmuş hörümçək toru kimi gözləyin. Bəlkə bir gün Qərb küləyi sizi süpürüb apardı.Hə, onu da unutmayın, yaşadığımız faciələr, məruz qaldığımız terror aktları üzərindən qurduğunuz iyrənc oyunlara görə, elə şəhid balalarının ahı da tutacaq sizi…
 
Lamiyə Rövşənqızı

  • 8-06-2021, 10:21