AZ   |   RU
ÜST vərəm xəstəliyi ilə mübarizədə qabaqcıl təşəbbüsünü genişləndirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəm xəstəliyi ilə mübarizədə özünün 2023-2027-ci illər üçün olan dövrdə qabaqcıl təşəbbüsünü genişləndirdiyini elan edib. COVID-19 pandemiyası bu xəstəliklə qlobal mübarizə sahəsində əldə olunmuş uğurlara zərbə vurub. Belə ki, 20 ildən artıq bir müddətdə ilk dəfə vərəmdən ölüm halları artıb.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda vərəm dünyada infeksion xəstəliklər arasında ən çox ölümə səbəb olanlardan biridir. O, hər il 1,6 milyon insanın həyatını itirməsinə səbəb olur və milyonlarla insana böyük iqtisadi zərər gətirərək əzab verir.

COVID-19 pandemiyası ilə paralel mövcud olan digər amillər – silahlı münaqişələr, qida təhlükəsizliyinin olmaması, iqlim dəyişikliyi, siyasi və iqtisadi sabitsizlik vərəm xəstəliyi ilə mübarizədə qazanılmış çoxillik tərəqqini də heçə endirib. Son iki onillikdə ilk dəfə olaraq, ötən il ÜST vərəm xəstələrinin və ölüm hallarının sayının artdığını elan edib. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib: “Vərəm xəstəliyinin profilaktikası və müalicəsi mümkündür, lakin bununla belə, bu xəstəlik min illərdir ki, bəşəriyyətə fəlakətlər gətirir və hər il milyonlarla insanın ölümünə səbəb olmaqda davam edir”. O vurğulayıb ki, ÜST profilaktik xidmətlərin genişləndirilməsi yolu ilə bu xəstəliklə mübarizə tədbirlərini möhkəmləndirəcək.

ÜST-ün vərəm xəstəliyi ilə mübarizə üzrə qabaqcıl təşəbbüsü 2018-2022-ci illərdə bu sahədə əldə edilmiş uğurlar və çıxarılmış dərslər əsasında işlənib hazırlanıb. O, vərəm xəstələrinə keyfiyyətli tibbi xidmət göstərilməsi, təşkilatın tövsiyələrinə uyğun şəkildə diaqnostika və daha qısamüddətli müalicə sxemlərinə əlçatanlığı ehtiva edir. Bu məqsədlə daxili və beynəlxalq maliyyələşdirmənin həcminin artırılması, xüsusən yeni peyvəndlərin yaradılması üzrə elmi tədqiqatların və innovasiyaların təşkili nəzərdə tutulur.

Bu təşəbbüsün genişləndirilməsi barədə bəyanat hər il martın 24-də qeyd olunan Ümumdünya Vərəm Xəstəliyi ilə Mübarizə Gününə həsr edilib və bu il “Bəli! Biz vərəm xəstəliyini ləğv edə bilərik!” devizi altında keçirilir.

ÜST-ün baş direktoru qabaqcıl təşəbbüs çərçivəsində üzv dövlətlərə vərəm xəstələrinin təşkilatın tövsiyəsinə uyğun şəkildə yeni, daha qısamüddətli müalicəsi kurslarını tətbiq etməyə çağıracaq.



  • 24-03-2023, 21:24