AZ   |   RU
İran nüvə silahı əldə edərsə - ABŞ və İsrail narahatlıq içində - Yaxın şərqi nə gözləyir?

ABŞ-ın baş qərargah rəisi, ordu generalı Mark Milli ötən gün İsrailə səfər edib. Milli ABŞ ordusunda əsas söz sahibi kimi tanınır və dünya hərb elminin böyük peşəkarlarından hesab olunur. Yeri gəlmişkən qeyd edək k, ABŞ-ın müdafiə naziri Lloyd Oustinin də martın 9-da İsrailə səfər edəcəyi gözlənilir. Qısa müddət ərzində Pentaqonun iki əsas fiqurunun İsrailə göndərilməsi xüsusi əhəmiyyət kəsb edir.

Çox ehtimal ki, Milli və Oustinin 1 həftə içində İsrailə səfər etmələri İran məsələsi ilə bağlıdır. Hələ bir müddət əvvəl ABŞ və İsrail ordusu genişmiqyaslı hərbi təlimlər keçirərək, İranın nüvə obyektlərinə zərbə endirməyi məşq etmişdilər. Elə İrana gözlənilən hücumun arxasında duran əsas amil Tehran rejiminin nüvə silahı əldə etmək üzrə çalışmalarıdır.

İranın nüvə silahı əldə etməsi birmənalı olaraq ən çox İsraili narahat edir. Çünki İsrail bunu özünə təhdid kimi görür. Hətta İsrail rəsmiləri bu barədə İrana ən sərt formada dəfələrlə xəbərdarlıqlar da edib. İsrail baş naziri Benyamin Netanyahu bir neçə gün öncə qeyd etdi ki, Tehranın nüvə silahına sahib olmaması üçün hər şeyi edəcəklər. ABŞ rəsmiləri də İranın müvə silahına sahib olmaması üçün ən sərt addımların atılacağını dəfələrlə bəyan ediblər. İran nüvə silahı əldə edərsə, Yaxın Şərq regionunda vəziyyət çox gərginləşəcək.

Tehran rəhbərliyi isə nüvə enerjisinin dinc məqsədlər
üçün hazırlandığını iddia edir. Ancaq Vaşinqton və Tel-Əviz isə Tehranın bu mövzuda səmimi olmadığını bildirirlər. İranın 12 günə nüvə silahına sahib olacağı barədə bir neçə gün öncə KİV-də məlumatlar tirajlandı. Bir müddət öncə də Tehranın uranı zənginləşdirdiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, ötən gün MAQATE rəhbəri Rafael Qrossi də Tehrana səfər edərək İran rəsmiləri ilə nüvə sahəsində danışıqlar aparacağı barədə məlumatlar yayılmışdı. Görünən odur ki, İran bütün xəbərdarlıqlara məhəl qoymayaraq, nüvə silahını əldə etməkdə qərarlıdır. Hətta bir neçə gün bundan öncə İranın İsrailin mümkün hücumlarından qorunmaq üçün Rusiyadan S-400 HHM sistemləri istəməsi barədə də xəbərlərə rast gəlindi.

Çox ehtimal ki, İran nüvə silahı əldə etməyin Tehrana asan başa gəlməyəcəyini çox yaxşı bilir və bu səbəbdən mümkün hücumlara qarşı özünün müdafiə etməyə hazırlaşır. Ancaq Tehran uranı zənginləşdirməyə davam edib, nüvə silahına sahib olmağı qarşısına hədəf qoyubsa bu İrana baha başa gələcək. Belə olacağı halda ABŞ və İsrail İrana hansısa formada zərbələr endirməli olacaq. Bu isə İrana intihara bərabər birşey olacaq.


Daşqın Həsənov
Missiya.Az


  • 4-03-2023, 15:54