AZ   |   RU
Münhen Təhlükəsizlik Konfransında Azərbaycana göstərilən böyük marağın səbəbləri - TƏHLİL


Almaniya Federativ Respublikasının Bavariya bölgəsinin inzibati mərkəzi olan Münhen şəhərində 59-cu Münhen Təhlükəsizlik Konfransı (MTK) keçirilir. Fevralın 17-də başlayıb, 19-da yekunlaşacaq MTK ümumilikdə beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.

Sessiya MTK-nın yeni sədri səfir Christoph Heusgenin rəhbərliyi ilə təşkil olunub. Bu dəfə digər konfranslardan fərqli olaraq daha çox rəsmi qonaq dəvət edilib. 800 nəfərdən çox iştirakçının qatıldığı bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı 40-dan çox dövlət və hökumət başçısı, nazirlər, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Komissiyasının prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edir.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti MTK çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edərək nitq söyləyib.



“Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək”

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlət başçısı bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. 

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələrin həyata keçirildiyini, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalandığını deyib. Bildirib ki, bu, Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək və orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcəyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi xatırladıblar. Onlar Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndirərək prosesin davamlı olacağına əminliklərini bildiriblər. 

Azərbaycan Prezidentinin konfransın əsas proqramlarına daxil olan iclaslarda enerji təhlükəsizliyi mövzusunda özündə müxtəlif aspektləri birləşdirən çıxışları nəzərdə tutulur. İlham Əliyevə göstərilən bu etimad onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin təzahürü, ölkəmizin Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsidir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, “Orta Dəhliz” kimi önəmli məsələlərdə böyük təşəbbüskarlıq göstərir, uğurlu siyasət aparır, effektiv tərəfdaşlıqlara nail olur. Ümumiləşdirərək deyə bilərik ki, ölkəmiz Cənubi Qafqazda davamlı sülhün avanqardına çevrilib. Fəal şəkildə təşviq etdiyi sülh gündəliyi MTK-nın 59-cu konfransının əsas hədəflərindədir. 



Alman şirkətləri bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlığa hazırdırlar 

Prezidentin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, şirkətlərin rəhbərlər, ilə görüşləri olub və bu kimi təmaslar iki gü ərzində daha da genişlənəcək. 

Ölkə başçısı Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

İlham Əliyev bildirib ki, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait yaradılıb, qarşılıqlı uğurlu təcrübə mövcuddur, sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələri var. 

Dövlət başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.

Prezident Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu vurğulayıb.

Mixael Harms İlham Əliyevlə sonuncu görüşü məmnunluqla xatırlayaraq, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım olduğunu söyləyib. 

Prezident həmçinin onu da diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, ölkəmiz xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanıdır, azad ticarət zonasının yaradılması istiqamətində işlər görülür, logistika və nəqliyyat imkanları artır. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Ölkə başçısı Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib. 

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib, eyni zamanda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.

Prezident Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini vurğulayıb. 

Dövlət başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu deyib. Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyin  və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu söyləyib. İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumun əhəmiyyətini qeyd edib. 

Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu, bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiklərini bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. 




İlham Əliyev Münhendə Şarl Mişell, Pinhas Qoldşmit, Yoav Qallantla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev  Münhendə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit, İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub. Görüşlər konfransın növbəti günlərində də davam edəcək. 



Şarl Mişellə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb.

İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini deyib. Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.



Mühüm xatırlatma: 

2020-ci ilin fevralında gerçəkləşən  Münhen Təhlükəsizlik Konfransında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debatın həm özü, həm də onun ardınca yaşanan şanlı hadisə tariximizə qızıl hərflərlə yazıldı. Bu, Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı idi. Dünyanın gözü həmin debata zillənmişdi desək, tam həqiqəti söyləmiş olarıq. 

İlham Əliyev tarixi faktlar, siyasi və beynəlxalq hüquqi sənədlər, dəqiq arqumentlərlə Nikol Paşinyanın savadsızcasına səsləndirdiyi əsassız fikirləri heçə endirdi. Açıq şəkildə sübut etdi ki, tarixi həqiqətlər, beynəlxalq hüquq birmənalı Azərbaycanın tərəfindədir. Bununla da  nasizim xəstəliyinə düçar olan erməniliyin qurduğu və uzun illərdir “istisinə qızındıqları mif ocaq” əbədi söndü. Közərmək ehtimalına isə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsi son qoydu. Bununla da Azərbaycan torpaqları 28 ildən sonra Ermənistanın işğalından qurtuldu. Prezident İlham Əliyevin siyasət meydanındakı qələbəsindən başlanan yol Ali Baş Komandan İlham Əliyevin hərb meydanında qələbəsi ilə xalqı ən böyük arzusuna qovuşdurdu. 

Yayılan məlumatlara görə, 59-cu MTK-nın sonuncu panel müzakirəsinə Ermənistanın baş naziri dəvət olunsa da, o, iştirakdan imtina edib. Yəqin 2020-ci ilin acı təcrübəsini bir daha yaşayacağından çəkinib.



Münhen Təhlükəsizlik Konfransının tarixi

MTK ənənəvi olaraq Münhen şəhərinin mərkəzində yerləşən və 1841-ci ildə inşa olunan Hotel Bayerischer Hof mehmanxanasında keçirilir.

Missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.

Əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edilir.

İlkin fokusu Translatlantik və Avropa təhlükəsizliyi məsələləri olsa da, son illərdə qlobal əhəmiyyət kəsb edən mövzulara da yer ayrılır, coğrafi şaxələndirmə aparılır. 

MTK hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır.

1963-cü ildən keçirilən MTK-nın əsas şüarı “Dialoq vasitəsilə sülh”dür (Peace through Dialogue). Təsisçisi A.Hitlerə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı nəşriyyatçısı və siyasətçisi olan Evald fon Klaystdır (Ewald von Kleist). O, təsis olunduğu ildən 1998-ci ilə qədər MTK-nın sədri vəzifəsini həyata keçirib.

İlk onilliklərdə MTK əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan idi. İştirakçıların çoğrafi əhatəsi və müzakirə mövzularının genişliyi elə də böyük deyildi.

Soyuq müharibənin başa çatması ilə MTK çoğrafi əhatəsini genişləndirərək və ənənəvi “Qərb dünyası”ndan kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış, Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini da öz dairəsinə cəlb etməyə başladı.

Jurnalist Ekspert Mərkəzi 

  • 17-02-2023, 21:59