Fevralın 6-da Kahramanmaraşda baş verən və ətraf vilayətlərdə böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra Azərbaycanda Türkiyəyə yardım kampaniyaları davam edir. Azərbaycanın göndərdiyi yardımlar Türkiyə mediasında geniş şəkildə işıqlandırılır.
Missiya.Az qardaş Türkiyə mediasında yayımlanan yazıların bir hissəsini təqdim edir.
Hurriyyet.com.tr yazır ki, türk iş adamlarının Azərbaycanda qurduğu “Türkiyə Əsri Birlik və Dayanışma Platforması”nın Türkiyədə zəlzələdən zərərçəkmişlərə dəstək məqsədi ilə başlatdığı kampaniya çərçivəsində Türkiyəyə ümumilikdə 135 yük maşını, 26 vaqon isə humanitar yardım göndərilib. Qida və içkilər isə dəmiryolu ilə yola çıxıb.
Yardım kampaniyasına 6 minə yaxın uşaq bezi bağışlayan İlqar Məmmədov “Türkiyədəki qardaşlarımız üçün yardım gətirdik. Kampaniyaya Türkiyə və əziz qardaşlarımızın yanında olmaq, onlara kömək etmək üçün qoşulmuşuq. Türkiyə və Azərbaycan xalqını bir-birindən ayırmaq olmaz. Kədərləndiyim üçün danışa bilmirəm. Biz onların əzablarının ortağıyıq. Allah hamısına kömək olsun”, - deyə o bildirib.
Azərbaycan xilasediciləri Kahramanmaraşda
Azərbaycan xilasediciləri Kahramanmaraşda 53 nəfəri sağ xilas edib, 729 nəfərin cəsədini tapıb. Memleket.com.tr xəbər verir ki, episentri Kahramanmaraş olan və 10 əyalətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları dağıntılar sahəsində fasiləsiz olaraq davam edir. Nazirlikdən verilən məlumata görə, qruplar Kahramanmaraşda aparılan işlərdə dağıntılar altında qalan 53 nəfəri sağ çıxara bilib. Komanda 729 nəfərin cəsədini tapıb.
Nazirlikdən verilən açıqlamada Azərbaycanın Kahramanmaraş şəhərində yaradılmış 2 səhra xəstəxanasında indiyədək 512 nəfərin müalicə olunduğu bildirilib.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində Fövqəladə Hallar Nazirliyinin 760 nəfər azərbaycanlı şəxsi heyəti, o cümlədən tibb işçiləri iştirak edir.
Məktublarda nə yazılır?
Müxtəlif ölkə və şəhərlərdən göndərilən yardımlar mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 10 vilayətdə 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Malatyaya çatmaqda davam edir.
Bursahakimiyyet.com.tr yazır verir ki, bu çərçivədə Azərbaycandan göndərilən paltar, yemək və ədyal kimi materialların olduğu yük maşını Malatyaya çatıb.
Şəhərdəki bir məktəbin anbarında yerləşdirilən və çeşidlənən materiallarda duyğusal qeydlər, vafli və məktublar, pullar aşkar edilib.
Paltarın üzərinə əlavə edilən qeyddə "Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. Ümid edirəm ki, evə qayıdacaqsınız. Allah sizi qorusun" sözləri yazılıb.
Başqa bir yardım materialında isə "Allah yar olsun və kömək olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirik. Canımızla, qanımızla yanındayıq Türkiyəm",- yazılı qeyd tapılıb.
Xeyriyyəçi qeydində hisslərini belə bölüşüb: "Tez sağalın, Azərbaycan olaraq ürəyimiz sizinlədir. Çox, çox gözəl günlərdə kefinizi çəkməyinizi arzu edirik. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, dualarımızdasınız".
Göründü ki, yun döşəklərin üzərinə yapışdırılan qeyddə “Döşəklər təmizdir, cehizimdən” yazılıb…
“Can” Azərbaycandan
Kahramanmaraş və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 10 vilayətdə böyük dağıntılar baş verib. Yaraları sağaltmaq üçün beynəlxalq yardım çağırışına ilk cavab “can” qardaş Azərbaycandan gəldi. Sabah.com.tr xəbər verir ki, bu Azərbaycanın axtarış-xilasetmə qrupları zəlzələnin ilk günü bölgəyə gələrək dağıntılar altında qalan ərazilərdə iştirak ediblər. Azərbaycanın yardımı təkcə axtarış-xilasetmə qrupları ilə məhdudlaşmırdı. Azərbaycan Gənclər Fondunun üzvü olan 100 azərbaycanlı gənc “Bir yumruq, bir ürək, bir can” anlayışı ilə zəlzələnin episentri Kahramanmaraşda yaraları sağaltmağa çalışır.
Yardım materialları daşıyan, uşaqlarla oyun oynayıb gülən, bəzən də zəlzələ qurbanları ilə qucaqlaşıb ağlayan gənclər yaralara məlhəm olur. Lazım olan yerə çatan Azərbaycan gəncliyi bir daha bütün dünyaya göstərir ki, biz iki dövlət, bir millətik. Azərbaycan Gənclər Fondu Qarabağda onlarla birlikdə olan Türkiyə Gənclik Fondu (TÜGVA) ilə birlikdə çalışır və qardaş Türkiyəyə qardaşlıq borcu kimi can olurlər.
Azərbaycan Gənclər Fondunun üzvləri yaraları sağaltmaq üçün mübarizə aparır. 100 azərbaycanlı “könüllü” zəlzələdən sağ çıxanlarla oyunlar oynayır, onlarla gülür, bəzən də “Bir yumruq, bir ürək, bir can” anlayışı ilə qucaqlaşıb ağlayır.
Missiya.Az