AZ   |   RU
Uçan naməlum obyektlər vuruldu – “Yadplanetlilər” hücuma hazırlaşır?


Ukrayna, Yaponiya, ABŞ, Kanada, Çin, Uruqvay səmalarında uçan naməlum obyektlər aşkarlanıb. 


ABŞ Hərbi Hava Qüvvələrinin Çinə məxsus hava şarını, Alyaska və Kanada üzərində uçan naməlum obyektləri vurmasından sonra, bu dəfə Kanada ilə sərhəddə uçan obyekti zərərsizləşdiriblər. 


Sözügedən cismi "UNO" adlandırıblar. Qeyd olunub ki, naməlum obyektlərin göründüyü ölkələrdə həyəcan siqnalı verilib. 


Məsələyə münasibət bildirən ehtiyatda olan mayor, Hava Hücumundan Müdafiə üzrə mütəxəssis, hərbi ekspert Natiq Əlisoy Missiya.Az-a açıqlamsında deyib ki, səmada vurulan uçan cismin hansı ölkədən gəlməsi və təyinatı müəyyən edilə bilmədiyinə görə onu uçan naməlum obyekt adlandırıblar. Havada aşkar olunan hədəflər isə mənsubiyyətinə görə üç qrupa bölünür:




“1. Öz hədəfimiz;
 2. Düşmən hədəfi;
3. Naməlum hədəf.


Naməlum hədəflərin mənsubiyyətini müəyyən etmək üçün həmin hədəfin analizi aparılmalıdır. Analiz apararkən onun sürəti, ölçüləri, rəngi, forması, istehsalçı ölkəsi, tətbiq hündürlüyü və s. müəyyən edilməlidir. Bunları müəyyən etmədən hər hansı bir hədəfə mənsubiyyət vermək olmaz. Yəni bilmək olmaz ki, o hansı ölkəyə məxsusdur və nə hədəfidir”.


Siyasi şərhçi Asif Nərimanlı isə ABŞ tərəfindən UNO-nun vurulması haqda xəbərin dünya gündəmini sözün həqiqi mənasında yerdən göyə qaldırdığını vurğulayıb. Politoloq əlavə edib ki, yayılan görüntülərdə də naməlum obyektin vurulduğu və amerikalı hərbçilər tərəfindən araşdırmaq üçün aparıldığı görünür:


“Çinin “kəşfiyyat şarı”ndan sonra bu hadisənin yaşanması naməlum obyektin yenə Pekinə, yaxud başqa bir ölkəyə aid ola biləcəyi ehtimalını ön plana çıxarır. Lakin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Vanherck bildirir ki, naməlum obyektin nə olduğunu, havada necə qaldığını və haradan gəldiyini müəyyən edə bilmirlər. Amerikalı general obyektin yadplanetlilərə aid ola biləcəyini də istisna etmədiklərini deyib. Bu o deməkdir ki, dünyanın yeni gündəminin “yadplanetlilər təhlükəsi” ola biləcəyi gözləniləndir”.




Asif Nərimanlı əlavə edib ki, belə bir informasiyanın “yadplanetlilər”in olub-olmamasından daha çox, mövcud geosiyasi vəziyyətdə, xüsusilə yeni nizamın formalaşmasında hansı məqsədə hesablanması fonunda diqqət çəkir.


Bir ölkədə cəmiyyəti, ictimai rəyi birləşdirməyin sınaqdan çıxmış ən effektiv yolu “xarici düşmən” obrazının gücləndirilməsi, “təhlükənin” göstərilməsidirsə, bütün dünyanı birləşdirməyin də yolu bundan keçir: 


“Yer kürəsinə xarici təhlükə adı altında bütün millətlər və ölkələr bir gücün-ölkənin çətiri altında birləşir;
UNO-nu vuran ABŞ-dırsa, bu güc-ölkə də o olacaq, yaxud buna nail olmaq istəyirlər. Hərçənd, indi “Rusiya təhlükəsi ilə Avropanı ABŞ-ın çətiri altında topladıqları ssenari “yadplanetli” təhlükəsi ilə dünya üzərində də tətbiq ediləcəkmi” sualı hələ açıq olaraq qalır”.


Zərintac MAYİSQIZI
Missiya.Az







  • 13-02-2023, 18:12