AZ   |   RU
Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

Missiya.Az AZƏRTAC-a istinadən  xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Bu gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 61 minik və təminat avtomobili maneəsiz hərəkət edib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiya artıq 45 gündür davam edir.


  • 25-01-2023, 23:11