BMT İsveç və Niderlandda Quranın təhqir edilməsini məsuliyyətsiz davranış adlandırıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Ravina Şamdasani İsveç və Niderlandda Quranın yandırılması və cırılmasını hörmətsizlik və məsuliyyətsiz davranış kimi qiymətləndirib.
BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos isə İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabı Quranın bir nüsxəsinin yandırılmasını “alçaq hərəkət” adlandırıb və qətiyyətlə pisləyib.
“Qurani-Kərimin yandırılması müsəlmanlara qarşı nifrətin ifadəsidir, bunu söz və ifadə azadlığı ilə qarışdırmaq olmaz", - Moratinos qeyd edib.
Ali nümayəndə dünyanın müxtəlif yerlərində dini icmaların üzvlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının, o cümlədən islamofobiyanın ümumi artımından dərin narahatlığını ifadə edib.
Moratinos ədalətli, sülhsevər cəmiyyətlərin qurulması və dəstəklənməsi üçün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimi yandırıb və etiraz aksiyası zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib. Yanvarın 24-də isə Niderlandda Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada təkbaşına keçirdiyi aksiyada Quranı cırıb.