Bu gün Bakıda Xorvatiyanın İrandakı səfiri və şair Draqo Ştambukun müəllifi olduğu “Zefir” kitabının təqdimatı keçirilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Bu gün xorvat dilindən Azərbaycan dilinə tərcümə edilmiş kitabın təqdimatıdır. Bu hadisə müəyyən mənada Azərbaycan-Xorvatiya münasibətlərində tarixi mərhələdir”, - tədbirin açılışında çıxış edən Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.
Onun sözlərinə görə, kitab əvvəlcə fars dilinə, sonra isə Azərbaycan dilinə tərcümə edilib. B.Zebiç bildirib ki, Draqo Ştambuk Xorvatiyanın görkəmli ictimai xadimidir.
“Kitab müəllifin qızının şərəfinə “Zefir” adlanır. Draqo Ştambuk Xorvatiya Elmlər Akademiyasının üzvü, eyni zamanda görkəmli şair və həkimdir. Onun kitabları 15 dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub”, - səfir söyləyib.
Səfir vurğulayıb ki, hazırda kitabların xorvat dilindən Azərbaycan dilinə və əksinə birbaşa tərcüməsinin təmin edilməsi istiqamətində işlər aparılır.
Təqdimat zamanı ingilis, azərbaycan və xorvat dillərində kitabdan parçalar oxunub.