AZ   |   RU
Ötən il İstanbul Kapalıçarşını 40 milyona yaxın şəxs ziyarət edib


İstanbulun tarixi alış-veriş və ticarət mərkəzi olan Kapalıçarşı, 2022-ci ildə restavrasiya edildikdən sonra 39 milyon 766 min 801 nəfər tərəfindən ziyarət edilib. İçəridən labirintə bənzəyən bu möhtəşəm obyekt, tekstildən antikvarlara qədər hər cür məhsulun satıldığı minlərlə dükanı özündə birləşdirir və əsrlərdir ən sıx alış-veriş məkanıdır.
 
Minlərlə işçisi və müştərisi ilə kiçik bir şəhəri xatırladan qapalı bir kompleks olan Kapalıçarşı, keçən il aparılan restavrasiyadan sonra yenilənmiş quruluşu ilə yenidən öz qonaqlarını qəbul etməyə başlayıb. 2021-ci ildə 25,5 milyon olan Kapalıçarşı ziyarətçilərinin sayı, 2022-ci ildə 56% artaraq 40 milyona çatıb. Bu rəqəmlə keçən il Kapalıçarşıyı orta hesabla 100 min adam ziyarət edib.

İstanbulun tarixi və alış-veriş marşrutu

İstanbulda Nuruosmaniye, Mercan və Beyazıt arasında yerləşən Kapalıçarşının tarixi 15-ci əsrin ortalarından başlayır. Sosial-iqtisadi və mədəni həyatı demək olar ki, tam əhatə edən Osmanlı vəqf sistemi çərçivəsində, təmir-bərpa kimi xərc və ehtiyacları qarşılamaq üçün dini və digər sosial və xeyriyyə qurumlarının yaxınlığında bazar kimi tikililər inşa edilmişdir. İstanbulun ən əhəmiyyətli rəmzlərindən biri olan Kapalıçarşının təməli, 1461-ci ildə Fatih Sultan Mehmetin Ayasofyaya gəlir gətirmək üçün inşa etdirdiyi tikililərlə qoyulub. Zamanla bölgənin ən əhəmiyyətli ticarət mərkəzinə çevrilən Kapalıçarşı, dünyanın hər yerindən gətirilən zərgərlik məmulatlarının və qiymətli metalların  ticarətinin aparıldığı və emal edildiyi mühüm maliyyə mərkəzi kimi xidmət etməyə başlamışdır.

Dünyanın nəinki ən qədim, həm də ən böyük ticarət mərkəzi olaraq qəbul edilən Kapalıçarşı, müxtəlif yanğın və zəlzələlərdən sonra, Sarkis Balyan başda olmaqla məşhur memarlar tərəfindən dəfələrlə təmir edilmişdir. Tarixi və mədəni əhəmiyyətə malik olan Kapalıçarşı ədəbiyyat, səyahətnamələr və incəsənətdə mühüm yer tutmaqla yanaşı, dünyanın ən çox ziyarət edilən tarixi bazarlarından biri kimi də diqqət  cəlb eləməyə davam edir.

Unutmayın, Kapalıçarşıda alış-verişin ilk qaydası "Endirim almaqdır!"

500 illik müddətdə edilən əlavələrlə, hazırda 2500-ə yaxın iş yerinə ev sahibliyi edən tarixi Kapalıçarşıda xalçadan çantaya, tekstildən qızıl-gümüş zinət əşyalarına, əntiq əşyalardan kirəmitlərə qədər saysız-hesabsız məhsul tapa bilərsiniz. Kapalıçarşıda əl işləri üzrə ixtisaslaşmış ustaların yerləşdiyi "han” adlanan hissədə 1200-ə yaxın iş yeri var. Kapalıçarşı yayda 08.30-19.30, qışda isə 08.30-19.00 arası açıqdır.

Kapalıçarşı ziyarəti İstanbulun tarixi atmosferini hiss etmək və onun iqtisadi dinamikasını müşahidə etmək, yəni bir bazar vasitəsilə bütün İstanbulu yaşamaq və təcrübə etmək imkanı verir. Mükəmməl məhsul və ya əşya axtararkən, Kapalıçarşının dolanbac küçələrində və keçidlərində etdiyiniz maraqlı gəzinti, sizi valehedici mağazalar, eləcə də çoxsaylı kafe və restoranlarla qarşılaşdıracaqdır. Kapalıçarşıya səfəriniz zamanı bazarda alış-verişin qızıl qaydasını heç vaxt unutmayın: "Hər alış-verişdə endirim istəyin”!

  • 16-01-2023, 17:42