Macarıstanın Baş naziri Viktor Orban paytaxt Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
Bildirilib ki, Baş nazir Orban Macarıstanın TDT çərçivəsində iqtisadi, kommersiya və investisiya əlaqələrinin inkişafı və daha da möhkəmləndirilməsi təşəbbüslərinə davamlı dəstəyini ifadə edib və Səmərqənd Zirvə toplantısında qəbul edilmiş qərarların həyata keçirilməsi üçün Təşkilat çərçivəsində fəaliyyətlərdə aktiv iştirak etməyə hazır olduğunu vurğulayıb.
Baş katib Ömüraliyev və Baş nazir Orban TDT ölkələrini əhatə edən regionda və dünyada baş verən son hadisələri nəzərə almaqla nəqliyyat və enerji, kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi kimi prioritet sahələrdə praktiki əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu baxımdan, Ömuraliyev və Orban Macarıstanın suyun səmərəli istifadəsi və quraqlığın qarşısının alınması sahəsində ixtisaslaşma və təcrübəsindən istifadə edərək quraqlığın türk ölkələrinə mənfi təsirlərini və iqtisadi təsirlərini azaltmaq üçün Budapeştdə yaradılacaq TDT Quraqlığın Qarşısının Alınması İnstitutunun mühüm rolunu vurğulayıblar.
Tərəflər həmçinin TDT-nin Budapeştdəki Nümayəndəliyinin TDT ölkələri, Macarıstan və Avropa qurumları arasında əməkdaşlığın təşviqində mühüm rolunu müzakirə ediblər.