AZ   |   RU
Təqaüd artımı universitetlərdə necə qarşılanıb? - Tələbələr Missiya.Az-a danışdılar

Hər il olduğu kimi bu il də ölkəmizin artan iqtisadi uğurları fonunda vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində növbəti sosial islahat paketi icra edilib.

Dövlət başçısının fərman və sərəncamlarına uyğun  olaraq şəhid ailələrinin və aztəminatlı əhalinin, ümumilikdə cəmiyyətin bütün təbəqələrinin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar tədbirlərin genişləndirilməsi hər il artan dinamika ilə müşaiyət olunur.

Yeni sosial islahatlar paketi çərçivəsində Prezidentin imzaladığı yeni Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdləri də artırılıb.

Beləki, yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. 

Yeni Sərəncam ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən: 

Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
magistratura səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 195 manata,
- 71–100 bal olan tələbələr üçün – 160 manata,
- 51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;

bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri:
- 91–100 bal olan tələbələr üçün – 175 manata,
- 71–100 bal olan tələbələr üçün – 145 manata,
- 51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
- 91–100 bal olan tələbələr üçün – 100 manata,
- 71–100 bal olan tələbələr üçün – 80 manata,
- 51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;

Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
“5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,
“4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,
“3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.


Təqaüd artımı ilə bağlı tələbələrin fikirlərini öyrəndik. Onların Missiya.Az-a dediklərindən görünür ki, bu qərardan olduqca məmnundurlar:



Leyla Rəhimova
Bakı Dövlət Universiteti:


"Əlbəttə, hər bir tələbə kimi mən də dövlətimizin bizlərə göstərdiyi diqqətdən dolayı çox məmnunam. Ötən ilin əvvəlində də təqaüdlərdə artım olmuşdu. Bu ili də artımla başladıq. Dövlətimiz mövcud yaşayış şərtlərini nəzərə alaraq hər dövrə uyğun proqramlar həyata keçirir. Cənab Prezidentə təşəkkür edirik ki, tələbələrə və ümumən gənclərə həmişə xüsusi diqqət göstərir".



Selcan Beybutova, Azərbaycan Dillər Universiteti:

“Əslində gözlədiyim bir şey idi, çünki qiymət artımı yaşanırdı. Artım dedikdə, geyim, kitab və ərzaq mallarının bahalaşmasını nəzərdə tuturam. Yol, yemək xərəclərimizi ailəmizdən alırdıq, ya da işləməyə məcbur oluduq. Əlbəttə ki, təqaüdlərin artımı bizə bu baxımdan çox böyük kömək olacaq”.



Anar Əhmədli
Bakı Slavyan Univeriteti:


“Çox sevindirici haldır. O da yaxşı olar ki, təqaüdlərlə yanaşı, tələbələr üçün müəyyən güzəştlər də tətbiq olunsun”.



Ləman Alıyeva
Bakı Dövlət Universiteti:


“Təqaüdlərin artırılması müsbət haldır. Bu, tələbələri oxumağa həvəsləndirərək, onları daha da stimullaşdırır. Eyni zamanda, ehtiyaclarını ödəmək baxımından, xüsusən də rayondan gələn tələbələrin xərclərinin çox olmasını nəzərə alsaq, onlara daha çox yardımçı olacaq. Ümid edirəm ki, təqaüd və müavinətlərin artırılmasından sonra qida və qeyri-qida məhsullarının qiymətində artım müşahidə edilməyəcək”.



Gülyetər Mahmudova
Bakı Dövlət Universiteti:


“2022-ci ilin yanvarından sonra, 2023-cü ilin yanvarında tələbə təqaüdləri yenə artırıldı. Hər bir tələbə kimi bu məni də sevindirdi. Pullarımızın çoxu metroya, avtobusa gedirdi ”.




Nuray Məmmədzadə
Bakı Dövlət Universiteti:


 “Təqaüd almaq hər bir oxuyan tələbənin arzusudur. Bir tələbə kimi mən də təqaüdlərin artımına çox sevindim. Maddi baxımdan ehtiyaclarımızı qarşılamağa bizə çox kömək olur. Tələbələri daim nəzərə aldığı üçün dövlətimizə təşəkkür edirik”.



Mehparə Orucova
Bakı Dövlət Universitetinin tələbəsi:


“Bu artım mənim motivasiyamı daha da artırdı. Bir tələbənin zəhmətinin qarşılığı olaraq təqaüd alması ona dərsləri daha çox sevdirir”.



Nahid Arifoğlu
Bakı Slavyan Universiteti:


“Bir tələbə olaraq fikirləşirəm ki, tələbələrin təqaüdlərinin artırılması dövlətimizin tələbələrə, onların bilik və bacarıqlarının artırılmasına olan diqqətindən xəbər verir. Məlum olduğu kimi, tələbə təqaüdləri müxtəlif bilik səviyyələri üzrə fərqli məbləğlərdə ildən-ilə artırılır. Məhz buna görədir ki, tələbələr təqaüd aldıqları zaman ən azından öz ehtiyaclarını qarşılaya bilirlər və bununla da valideynin üzərinə artıq yük düşmür. Bu çox müsbət haldır”.



Samirə Qurbanova
Bakı Dövlət Universiteti:


“Tələbələrin təqaüdünün artırılması çox sevindirici haldır. Gənclərə dəstək həm maddi, həm də mənəvi olaraq göstərilməlidir. Təqaüdün artırılması təkcə tələbələrin deyil, həmçinin valideynlərin də sevincinə səbəb olub. Gənclər maddi sıxıntı çəkmədikləri müddət ərzində fikirlərini dərslərinə, şəxsi inkişaflarına cəlb edə bilərlər. Bu isə nəinki onların həyatlarına xoş təsir bağışlayar, eyni zamanda vətənə yararlı kadrlar yetişər”.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 13-01-2023, 19:05