Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə dövlət orqanlarının (qurumlarının) vəzifələri müəyyənləşib.
Missiya.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Fövqəladə hallarda uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, dövlət orqanları (qurumları) xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə aşağıdakı vəzifələri yerinə yetirirlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
- Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə çətin həyat şəraitində olan uşaqları, həmçinin aztəminatlı və ya çoxuşaqlı ailələrdən olan və tək valideyni ilə yaşayan uşaqları müəyyənləşdirir;
- Nazirliyin 142 Çağrı Mərkəzi vasitəsilə çətin həyat şəraitində olan uşaqlar barəsində məlumatların qəbul edilməsini və onlara telefon vasitəsilə psixoloji dəstəyin göstərilməsini, təqdim olunan sosial xidmətlər haqqında əhalinin mütəmadi olaraq məlumatlandırılmasını təmin edir;
- xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə çətin həyat şəraitində olan uşaqlara ilkin zəruri sosial-psixoloji xidmətlərin göstərilməsini təşkil edir;
- sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, göstərilmə yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın və uşağa sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması üçün tədbirlər görür;
- hazırlanmış fərdi plana əsasən uşaqlara müvafiq sosial xidmətlərin göstərilməsi üçün tədbir görür;
- qiymətləndirmənin nəticəsindən asılı olaraq sosial dəstək tədbirləri çərçivəsində ərzaq yardımının edilməsini təşkil edir;
- vəziyyət elan edilmiş ərazidə yerli icra hakimiyyəti orqanı ilə əlaqəli şəkildə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edir;
- xüsusi vəziyyətlə əlaqədar yaradılmış İşçi Qrupun nümayən- dələri ilə birlikdə monitorinqlərin keçirilməsini təşkil edir;
- uşaqlarla bağlı müraciətlərin operativ qəbulu məqsədilə polis orqanlarının telefon nömrələri və digər əlaqə vasitələri barədə əhalinin məlumatlandırılması məqsədilə tədbirlər görür;
- xüsusi vəziyyət elan edilmiş ərazidə həyat və sağlamlığı təhlükədə olan uşaqların xilas edilməsində iştirak edir və həmin uşaqlara ilkin tibbi yardım göstərilməsi üzrə tədbirlər görür;
- tapılmış valideyn himayəsindən kənar qalmış uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün tədbirlər görür;
Elm və Təhsil Nazirliyi:
- xüsusi vəziyyət zamanı təhsil müəssisələrinin distant formada fəaliyyət göstərməsini təşkil edir;
- “Virtual məktəb” platformasından istifadə edilməsini təmin edir;
- təhsilalanlar üçün “Dərs vaxtı” telelayihəsinin yayımlanmasını təşkil edir;
- MEİS vasitəsilə müəyyənləşdirilmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların təhsilə cəlb olunmasını təşkil edir;
Fövqəladə Hallar Nazirliyi:
- xüsusi vəziyyət elan edilmiş ərazidə həyat və sağlamlığı təhlükədə olan uşaqların xilas edilməsi üzrə tədbirlər görür;
- xüsusi vəziyyətlərdə uşaqların məlumatlandırılması və müvafiq davranış qaydaları haqqında maarifləndirilməsi üçün tədbirlər görür;
Səhiyyə Nazirliyi:
- xüsusi vəziyyət elan edilmiş ərazidə uşaqlara tibbi yardım göstərilməsi üzrə tədbirlər görür;
- xüsusi vəziyyətlərdə uşaqlara sanatoriya, reabilitasiya, psixoloji xidmətlərin və psixiatriya yardımının göstərilməsini təmin edir;
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xüsusi vəziyyət elan edilmiş ərazidə uşaq hüquqlarının təmin edilməsi, habelə uşaqların problemlərinin aidiyyəti dövlət orqanları tərəfindən həlli məqsədilə vəsatətlər qaldırır;
- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi xüsusi vəziyyət elan edilmiş ərazidə olan uşaqlara tibbi xidmətlərin göstərilməsini təşkil edir.
Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin etmək üçün bu Qaydada qeyd olunan dövlət orqanları (qurumları) eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda müəyyən edilən funksiyaları da həyata keçirirlər. Fövqəladə vəziyyətin və hərbi vəziyyət rejiminin tətbiq edildiyi ərazilərdə xidmətlərə təhlükəsiz çıxışı təmin etmək üçün bu Qaydanın 1.5-ci bəndində qeyd edilən dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilməsi nəzərdə tutulan vəzifələr “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilərdə idarəetmə komendanta, xüsusi idarəetmə və ya mərkəzi idarəetmə orqanına verilir. Həmin orqanlar tərəfindən fövqəladə halın elan edildiyi ərazidə Qanunla müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilə, icrası məcburi olan qərarlar verilə bilər, eyni zamanda zərurət yarandıqda yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xüsusi idarəetmə orqanına verilə bilər. Qeyd olunanlara əsasən aidiyyəti orqanların fəaliyyəti Qanunun tələblərinə uyğun həyata keçirilməlidir.