AZ   |   RU
Fransanın gülünc və məyusedici obrazının növbəti “təntənəsi” – Azərbaycandan daha bir qələbə


Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsinin əsasını öncə diplomatiya meydanında qoyumuşdu. On illərin vahid strateji xətti üzrə aparılan riyazi dəqiqliklə hesablanmış dövlətin daxili və xarici siyasəti sonda qələbə nidasını “Qarabağ Azərbaycandır” əminliyinin qarşısında keçilməz səd kimi həkk etdirdi. 

Xüsusən xarici siyasət, diplomatik sahədə atılan qətiyyətli addımlar, bir an olsun belə, geri çəkilməmək, haqq uğrunda mübarizəni əsas meyara çevirmək, danılmaz faktları zamanında və lazım olan yerlərdə, yüksək səviyyədə təqdim etmək özünün bəhrəsini o dərəcədə verdi ki, gələcək də bu bəhrədən həmişə bəhrələnəcək. 

Azərbaycanın diplomatiya cəbhəsindəki qələbələri bu istiqamətdəki uğursuzluqlarından dəfələrlə çox olmaqla yanaşı, həm də təsirli idi, nəticəli idi. İşğalçı Ermənistanın silahlı qüvvələrini ərazilərimizdən çıxarmaqla yekunlaşan siyasət isə bu günə qədər beynəlxalq aləmdə hansısa qərəzli sənədlər üzərində müvəqqəti uduzmağımızı da heçə endirdi, tarixin qara səhfələrindən sildi. 

Keçmişə ani nəzər salanda işğalçılığa dəstək verən ölkələrin, daha doğrusu belə ölkələrin liderlərinin məsuliyyətsizliyi üzündən ortaya atılan beynəlxalq sənədlərin öz nahaq durumları ilə ayaqda çox qala bilmədikləri aydın görünür. 

Növbəti belə sənəd də nəfəs almadan canıçıxmışlar arxivinə atıldı. Mətnlərin ruhu olmalı. Ruhu olan sənədlərdə əksini tapanlar iddialardan yox, gerçək faktlardan təşkil olunur. Bu dəfə də Fransanın təşəbbüsü ilə işğalçının böhtanlarından hazırlanan sənəddə fakt tapılmadı, ruhu olmadı deyə, qaragün işığa çıxmadı. Qaranlıq məqsədlərlə ortaya atılmışdı, işıqlı məqsədlə ortadan götürüldü. İzi isə Fransanın alnında qaldı. Makronun Fransasının. Fransa ilə Azərbaycan arasında xoş münasibətlərin yaşandığı dövrlər heç olmayıb desək yanılarıq. Olub. Xoş münasibətlərə Emmanuel Makronun prezidentliyi xələl gətirib. Onun yürütdüyündən daha çox yeritdiyi, yeritməyə cəhd göstərdiyi siyasət Azərbaycan kimi qüdrətli ölkə ilə arada uçuruma səbəb olub. 

Daha bir qərəzli sənəd - 20-21 dekabrda  BMT TŞ-da açılan müzakirələrindən dərhal sonra bu qurumun daimi üzvü və hazırki sədri Fransa Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən tam ermənipərəst mətn hazırladı. Prosesləri Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. 10 gün idi sənəd layihəsi ətrafında gərgin müzakirələr gedirdi.

Rəsmi Bakı riyakarlığa layiqli və tutarlı cavablar verirdi, danılmaz faktlar təqdim edirdi, ən yükəsk səviyyədə açıqlamalar, bəyanatlar səsləndirilirdi. TŞ-nın üzvü olan xeyli sayda dövlət məhz Azərbaycanın mövqeyinə diqqətlə yanaşaraq, sözügedən sənədin mətnində qərəzliliyin aşırı dərəcədə olduğunu, ermənilərin böhtanları üzərində qurulduğunu, Fransanın obyektivlikdən kənar rəftar sərgilədiyini, ziyanlı davranış nümayiş etdirdiyini yəqinləşdirdilər. 

Ölkələrin sənəd əleyhinə vahid mövqeyə gəlmələrində Azərbaycan Prezidenti İlham Əliyevin açıq, qətiyyətli, demokratik yanaşma tərzi göstərməsi daha çox rol oynadı. 


Birinci dəfə deyil ki, Azərbaycan fransız siyasətinin riyakarlıq çalarları ilə üzləşirdi. Son olayları xatırladaq: 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Bənd TŞ-nın gündəliyinə Fransanın dəstəyi olmadan daxil edilə bilməzdi. Təsiri isə sıfıra bərabər oldu: sənəd qəbul edilmədi. 44 günlük müharibə zamanı da eyni uğursuz cəhdlər baş verdi. Azərbaycan o dərəcədə haqlı və güclü idi ki, yalanlar Dəmir Yumruğa dəyib nəinki geri qayıdırdı, cilik-cilik olurdu. 

O zaman da Prezident İlham Əliyev hətta qərəzlə silahlanan bəzi xarici ölkə jurnalistlərinin tərəfli, yönləndirici, yalan üzərində qurulan suallarını açıq-aydın cavablandırmaqla, dünyanın diqqətini haqqın simasına çəkinmədən baxmağa yönləndirdi. 

10 gün ərzində BMT TŞ-da Fransa xain səviyyəli işlər apararkən, Azərbaycan Prezidenti Qərbi Azərbaycan İcmasına ayrılan binada görüş keçirdiyi görüşdə demişdir: 
“BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər. Yəni, Laçın yolunda baş orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil”. 

Necə deyilmişdi, elə də oldu. 4 qətnaməyə malik olduğu halda 30 ilə yaxın dövr ərzində Azərbaycana təcavüzə qarşı bir dəfə də olsun toplantı keçirməyən  BMT TŞ-nın yanlış qərarı belə, Ermənistana və Fransaya kömək etmədi. Bu qurumun başdan-ayağa böhtana bürünən sənədi iclasda müzakirəyə çıxarması kökündən səhv və beynəlxalq hüquq tələblərinin, demokratik dəyərlərin kobud pozuntusu idi. Yanlış qalib gələ bilməz.

Azərbaycan Prezidenti bu məntiqə əsaslanaraq  “Heç kim bizə təsir göstərə bilməz”, “Kimsə Azərbaycanla diqtə dilində danışa bilməz”, “Azərbaycan bütün tarixi ərazilərində nəzarətini bərpa edəcək”, “Qərbi Azərbaycan qədim Azərbaycan torpağıdır”, Ermənilərə sərvətlərimizi dağıtmağa imkan vermərik”, “Bizi haqq yolumzudan döndərə bilməzlər” bəyanatalarnı səsləndirir, söylədiklərini ardıcıllıqla həyata keçirir.


Fransanın arzusu gözündə, Ermənistanın istəyi ürəyində qaldı. Sənədin qəbul olunandan sonra qətnaməyə çevriləcəyi oyunu qurulmuşdu. Azərbaycan ona qarşı hazırlanan oyunların qanadlanmasına imkan verməz. Erməni “diplomat” Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsini Ermənistanın məqsədlərindən biri kimi dəyərləndirmişdi. Hələ də anlamırlar, “Böyük Ermənistan” xülyasından yıxılan kiçik Ermənistan ombasını elə sındırmayıb ki, BMT ona əlac olsun. BMT özünə umac ova bilmədi, əlindəki 4 qətanaməni onun əvəzinə Azərbaycan silahlı erməni quldurlarının başına çırpdı. Əzilərək kol-kosda gizlənib ağrılarını unudanlar Xankəndində silaha sarınaraq, terrorçuluq fəaliyyəti göstərirlərsə, sərvətlərimizi talan edirlərsə, erməni əsilli azərbaycanlıları girov saxlayaraq sülh müqaviləsinin imzalanmasına mane olurlarsa, filizlərimizin qanunsuz istismarından əldə etdikləri pullar hesabına ekstremizmi genişləndirilərsə, rus sülhməramlıları prosesə nəzarət etməyi bacarmırlarsa, Azərbaycan ictimaiyyəti vəziyyətə biganəmi qalmalıdır, dinc aksiyadamı keçirməməlidir, Qafqazda sülhün bərqərar olunmasına böyük əngəl yaradanalara adekvat reaksiya göstərməməlidir? Hansı dövlət belə vəziyyətlə üzləşsə susar?  Nə qədər riyakarlıq edəsən ki, belə vəziyyətlə üzləşən Azərbaycanı hümanitar problem yaratmaqda qınayasan. Bunun adı yəqin ki, dünya tarixinə fransızsayağı riyakarlıq kimi düşəcək. Makron təmsil etdiyi xalqının da gələcəyini düşünmür, özünü Paşinyan kimi aparır. Azərbaycanın qardaşı Türkiyədir, Ermənistanın qardaşı Fransa. Aramızadakı fərq bu qədər böyükdür.  Fransa bu prosesdə eyni böyüklükdə rüsvayçılığa uğradı. 

Bəyanat əvvəlcə fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi, mətndən “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Fransa Azərbaycana öz meydanında uduzdu. 

Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünə rədd cavabı verdilər. Rəsmi Paris şok yaşadı, xeyli müddətdir eyforiyada idi. Şokdan necə silkələnibsə, BMT yanında Daimi nümayəndəsini və onun müavinini geri çağıracağı ethimalı artır.  Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri Fransanın acı aqibətinə acımadan haqqın yanında oldular. 

Fransanın Qafqaz hərisliyi əleyhinə işləyir. O, regionda təcrid duruma düşüb. Azərbaycan dövləti mexanizmi dəqiq tənzimlədiyindən, cəmiyyət prosesə sidq ürəklə usanmadan dəstək verdiyindən, ictimaiyyət vahid fərdə çevrilərək rəhbərin Vətən siyasətinin ətrafında sıx birləşdiyindən, sülhə uzanan yolda inamla gedildiyindən Qafqazın işıqlı gələcəyi Fransanın gözlərini qamaşdırdı. “Günəşdən gizlənən yarasalardır”. İki cür olur:bir; işıq yol göstərir, iki; işıq gözləri qamaşdırır. Baxır işığı hansı bucaqdan görürsən. Təəssüf Fransa yarasa prizmasından çıxış edir. Gülünc və məyusedici obrazdır. 


Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında da heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. 

Yenə dediyiniz kimi oldu, cənab Prezident. Azərbaycan xalqı torpağını dövləti kimi qoruyur. Azərbaycan gücə yox, haqqa söykənib. Azərbaycanın haqqı onun gücüdür!

Jurnalsit Ekspert Mərkəzinin sədri
Ceyhun Musaoğlu




  • 31-12-2022, 18:48