AZ   |   RU
Harada Azərbaycan övladı yaşayırsa… - ESSE

"Yurdundan çıxsan da, elindən çıxma".

Ataların söylədiyi kimi dünyanın hansı yerinə getsək də əsas odur ki, vətənimizi, kimliyimizi və birliyimizi unutmayaq.

Azərbaycan -  zəngin tarixi, adət-ənənələri, sərvəti bol və bərəkətli olan vətəndir. Bu doğma yurdun övladları müxtəlif xarici dövlətlərdə də məskən salıblar. Onlar fərqli yerlərdə yaşasalar da, müxtəlif səbəblərdən getsələr də bütün Azərbaycanlıları birləşdirən ümumi dəyərlər var... O dəyərlər ki, ilk sırasında Azərbaycançılıq dayanır. Məhz həmin ideyadan yaranan həmrəylik sayəsində soydaşlarımız qürbət ellərdə özlərini yad hiss etmir, ənənələrimizi qorumağı bacarırlar. 

Onlar bir-birindən fərqli olsalar da çox bənzəyirlər. Çünki, hamısı Azərbaycan övladıdır. 

Müdriklərin belə bir kəlamı da var: "Özüm qürbətdəyəm, gözüm vətəndə"

Şübhəsiz ki, müxtəlif çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətinə, adət-ənənələrinə, mənəvi-əxlaqi dəyərlərinə qayğı və hörmətlə yanaşıb, ana vətənlə əlaqələrini əsla itirməyiblər.

Öz doğma torpağını bir an belə yaddan çıxarmayan həmvətənlərimizin demək olar ki, dünyanın hər yerindən səsləri gəlir. Bununla da, xarici ölkələrin insanlarının Azərbaycanı sanki daha yaxından tanımaq imkanı olur.

Soydaşlarımız həmrəyliyimizi sözün əsl mənasında layiqincə, hər situasiyada göstərə bilirlər. Ən önəmlisi də elə məhz budur.  Bu milli məfkurəni qüvvətləndirən ən böyük amil isə güclü Azərbycan dövləti və onun güclü lideridir. İstər Azərbaycanın güneyində, istərsə də qərbi Azərbaycanlıların hüquqlarının təmin edilməsi, haqqının qorunması istiqamətində Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, dövlətimizin gələcəyimizə hesablanmış siyasəti həmrəyliyimizi daha da qüdrətli və möhkəm edəcək. Əminik ki, o taylı, bu taylı Azərbaycanı görəcəyimiz günlər heç də uzaqda deyil. 

44 günlük vətən müharibəsində yumruğa dönən və zəfər qazanan xalqımızla, hazırda Şuşada hər yerə səs salan böyük aksiyada iştirak edən vətənpərvər insanlarımızla qürur duyuruq!

Harada Azərbaycan övladı yaşayırsa…

Azərbaycan övladı cismən fərqli-fərqli yerlərdə ola bilər, lakin onlar öz kökünə, milli mənsubiyyətinə və vətəni- Odlar Diyarının parçasıdırlar!
 
Əziz Dünya Azərbaycanlıları Həmrəylik Günümüz mübarək olsun!

Zərintac MAYİSQIZI

Missiya.Az

  • 30-12-2022, 17:10