“Gürcülər və azərbaycanlılar arasında qarşıdurma yaratmaq istəyən qüvvələr çoxdur. Həmin qüvvələr Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirməyə çalışırlar. Xırda bir hadisə olan kimi gərginliyin etnik zəmində baş verdiyi barədə fikirlər formalaşdırmağa çalışırlar. Dmanisidə sadəcə azərbaycanlı və svan gənclər arasında gərginlik yaşanıb. Hadisə etnik zəmində baş verməyib”.
Bu sözləri
Missiya.Az-a açıqlamasında Gürcüstan parlamentinin keçmiş deputatı Ruslan Hacıyev deyib.
O bildirib ki, hazırda şəhərdə vəziyyət stabildir.
“Ölkənin digər şəhərlərində hər hansı gərginlik yoxdur. İnanıram ki, Gürcüstan hökuməti gərginliyin eskalasiyasına imkan verməyəcək. Yalnız Dmanisi şəhərində gərginlik yaşanıb. Hazırda aldığım məlumata görə, vəziyyət stabildir. Hadisə ilə əlaqədar altı nəfərin saxlanıldığı bildirilir".Ruslan Hacıyev azərbaycanlılar və svanlar arasında yaşanan gərginliyin səbəbləri barədə də danışıb. “Kütləvi davaya səbəb svan gənclərin Dmanisi şəhərində yerləşən “Ömər” mağazasından nisyə pivə alıb, pulunu verməkdən imtina etmələridir. Bir qrup svan mağazada işləyən azərbaycanlılara hücum çəkib. Bu səbəbdən Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi bölgəsində gərginlik yaşanıb”.
Qeyd edək ki, kütləvi dava Dmanisi şəhərində yerləşən “9 aprel” küçəsində yerləşən “Ömər” marketdə baş verib. Kütləvi hücum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb.ElvinMissiya.Az