İnflyasiyanın son 41 ilin ən yüksək həddə olduğu İngiltərədə təklif edilən maaş artımları, pensiya və iş şəraitindəki fikir ayrılıqları səbəbiylə son aylarda tətil etməyə qərar verən sektorlara hər gün yenisi əlavə edilir.
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, işin dayandırılması aksiyasında iştirak edənlər arasında çoxlu sayda peşə qrupları, xüsusilə müəllimlər, avtobus sürücüləri, liman işçiləri, jurnalistlər, ictimai işçilər, cinayət işləri üzrə hüquqşünaslar, dəmir yolu, hava limanı, universitet, aviasiya və poçt işçiləri var.
Tətil qərarlarına əlavə olaraq, yaşayış xərclərinə və qənaət siyasətinə etiraz edən minlərlə insan ölkə daxilində, eləcə də paytaxt Londonda tez-tez nümayişlər və yürüşlər təşkil edir.
Hökumət isə artan tətil dalğasının öhdəsindən gəlməyin yollarını axtarır. Bu kontekstdə İngiltərə Baş naziri Rişi Sunak hökumətin tətil etməkdə israrlı olan həmkarlar ittifaqlarına "Sərt cavab verə biləcəyi" xəbərdarlığını edib və tətil dalğasına qarşı yeni qanunlar üzərində çalışdıqlarını bildirib.
İngiltərə və Uelsdə 70 min universitet işçisi, Şotlandiyada müəllimlər tətilə çıxıblar.
Leyla SƏMƏNDƏR
Missiya.Az