AZ   |   RU
“Ermənistan bundan sonra KTMT-yə qarşı daha kəskin mövqe sərgiləyəcək” – Ekspert

“Putin NATO-su” kimi tanınan KTMT-nin son sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdıran Paşinyan bu şansını da itirmiş oldu.

Lakin son günlər yayılan məlumatlar və rəsmi şəxslərin açıqlamaları göstərir ki, Ermənistan öz məkrli siyasətindən əl çəkmək niyyətində deyil.

Rəsmi İrəvan üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, Qarabağda qanunsuz silahlı dəstələrin mövcudluğunu qorumağa maraq göstərir.

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini Ceyhun Şadlınskinin bu gün verdiyi açıqlama da rus sülhməramlıların məsuliyyət zonasına aid olan ərazilərdə sülh prosesinə zidd məqamların qeydə alındığını göstərir. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan siyasi ekspert Asif Nərimanlı Ermənistanın növbəti dəfə fiyasko ilə üzləşdiyini vurğulayıb.

Təşkilatın müzakirə etdiyi məsələlərin ikisinin (Sərhəd məsələsində Ermənistana hərbi dəstəyin verilməsi, Azərbaycanın “hücumuna” siyasi qiymətin verilməsi) Azərbaycanla bağlı olduğunu deyən ekspert  hər iki məsələ ilə bağlı bunları deyib:
“İrəvanın gündəliyə daxil etdiyi bu iki məsələdən savayı digərləri qəbul olunub. KTMT “Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı kompleks tədbirlərin hazırlanmasını razılaşdırmaqla İrəvana Bakı ilə bağlı tələblərinin qəbul edilməyəcəyinə dair açıq mesaj verdi. Paşinyan narazıdır və bunu açıq mətnlə ifadə etdi, həm də bu, İrəvan üçün itirilmiş fürsətdir. Ermənistan KTMT-yə sədrliyi dövründə Azərbaycana qarşı cəbhəni qurmaq şansının olduğunu düşünürdü və buna çalışırdı, lakin sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi. Belarusun KTMT-nin sədrlik edəcəyi müddətdə Azərbaycanla bağlı məsələlərin gündəmə daxil edilməsi, yaxud qəbul edilməsi imkanları olduqca zəifdir. Lukaşenkonun mövqeyi də bunu deməyə əsas verir”. 

Paşinyanın KTMT-də Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsini Bakının İrəvanı öz evində məğlub etməsi kimi qiymətləndirən Asif Nərimanlı, Ermənistanın bundan sonra KTMT-yə qarşı daha kəskin mövqe sərgiləyəcəyini bildirib:
“İclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya  Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişi idi. Hərçənd, KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləyəcəyi gözləntisi azdır. Bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir”.

Teymur Aslanov
Missiya.Az






  • 24-11-2022, 18:11