Elm və Təhsil Nazirliyi və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakının Nizami rayonu Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı məktəbdə “Zəfərin mübarək Azərbaycan” adlı musiqili tədbir keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı, rayonun məsul şəxsləri, ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri, Missiya Media Qrupu, müharibə iştirakçıları, habelə, şəhid ailəsi üzvləri tədbirə qatılaraq qazandığımız zəfərdən, 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş bu tədbirin mahiyyətindən danışıblar.
“Zəfərin mübarək Azərbaycan” adlı tədbirin aparıcısı, aktyor Elgün Hüseynov tamaşaçıları salamladıqdan sonra, 8 nömrəli UGİM-in “Bədii Qiraət” və “Musiqi sevərlər” qrupunun üzvləri şeirlər, mahnılar səsləndiriblər.
Tədbirdə Millət vəkili Jalə Əliyeva çıxış edərək, Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyətli siyasəti və qəhrəman hərbçilərimizin rəşadəti ilə qazandığımız qələbədən danışıb.
Tədbirin musiqili qonaqları olan Respublikanın əməkdar artistləri İlkin Əhmədov, Səlim Abbasov və solist Rəvanə Əmiraslanova vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
“Məktəb teatrı” dərnəyinin üzvləri şəhidlərimizdən bəhs edən “Adını Vətən qoydum” tamaşasını nümayiş etdiriblər.
Tədbirin sonunda çıxış edən 8 nömrəli UGİM-nin direktoru Təranə Aslanova və 229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova təşkilatçı və iştirakçılara minnətdarlıq ediblər.
Zərintac MAYİSQIZI
Missiya.Az