AZ   |   RU
Ərəb Liqasında İlham Əliyev xətti - Bakı qitələri birləşdirir

Azərbaycan qlobal enerji dəhlizində önəmli faktora çevrilib.
 
Noyabrın 1-də Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində “Fəxri qonaq” statusunda iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
 
Dünyada, eləcə də Cənubi Qafqazda yeni reallıqların yarandığı, qlobal güc mərkəzlərinin dəyişdiyi bir zamanda, Ali Baş Komandanın Əlcəzair səfəri ölkəmizin istər beynəlxalq, istərsə də regional arenada artan nüfuzu üçün xüsusi önəm kəsb edir.
 
Son 3 ildə dünyada dəyişən geosiyasi vəziyyət, pandemiya, ayrı-ayrı lokal toqquşmalar, dəyişən hakimiyyətlər, devrilən rejimlər, İkinci dünya müharibəsindən sonra dünyanın gördüyü ən böyük isti toqquşma olan Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan böhranlar, qıtlıq, ən əsası da yer dəyişdirən güc balansı və qütbləşmə fonunda Azərbaycanın inkişafa meyilli siyasətini axsamadan davam etdirməsi dünya nəhənglərinin diqqətini ölkəmizə yönəldib.
 
Azərbaycanın Avropa önəmli olduğu bir dövrdə okeanın o tərəfindən ta Cənubi Qafqaza qədər uzanan tərəfdaşlıq istəyi də bu önəmi daha da artırır. Əlbəttə, bu ilin fevralında Ukraynada başlayan müharibə də Azərbaycanın Avropa üçün vacibliyini qaçılmaz etdi. Belə ki, kəsilən diplomatik əlaqələr özünü nəqliyyat, tranzit, qida, yanacaq, turizm, ən əsası da enerji sahəsində problemlərin yaranmasın səbəb oldu. Qərblə Rusiyanın soyuq müharibədən sonra ilk dəfə bu dərəcə uzaqlaşması və iplərin qopması Azərbaycanın xüsusən enerji sahəsindəki önəmini daha da qabartdı.
 
Bu gün geosiyasi proseslərin təsiri ilə yenidən cızılan nəqliyyat dəhlizlərində Azərbaycan aparıcı ölkəyə və faktora çevrilib. Əlbəttə, Azərbaycanın bugünkü uğurlarına görə qalib sərkərdə, Prezident İlham Əliyevin dəyişməz və qətiyyətli iradəsinə və təkrarsız diplomatik gedişlərinə borcluyuq.
 
Bu gün İlham Əliyev, avropalıların təbirincə desək, “Axtarılan lider” statusundadır. Soçidə Paşinyandan fərqli olaraq öz çətiri altında dayanan Prezident İlham Əliyevin “Fəxri qonaq” qismində Ərəb Liqasının Sammitində iştirakı və çıxışı da onun şəxsi nüfuzunun göstəricisidir.
 
Qeyd etdiyimiz kimi, neftin və qazın nəqlində yaranan dəyişikliklərin böhran səviyyəsinə çatması, ərəb dövlətlərinin və körfəz ölkələrinin rolunu artırmaqla yanaşı, tranzit ölkələrin də önəmini qabardır. Azərbaycan da Avropa – Asiya arasında əsas nəqliyyat infrastrukturun yerləşdiyi ölkədir. Xüsusilə Zəngəzur dəhlizinin gələcək perspektivlərini nəzərə aldıqda, Azərbaycanın şərq-qərb enerji dəhlizinin əhəmiyyətli parçası olacağına heç kim şübhə etmir. Görünən odur ki, Azərbaycan XXI əsr enerji dünyasının lokomotivlərindən birinə çevrilir. Bu inkişaf xətti Zəngəzur dəhlizi ilə daha da qarşısıalınmaz olacaqdır.
 
Əminliklə deyə bilərik ki, ərəb ölkələrinin Qərbdən bu qədər uzaqlaşdığı bir zamanda Azərbaycanın balanslı siyasətlə üç qitənin əsas enerji nəhəngləri ilə tərəfdaş olmağı tarixi hadisədir. Sözsüz ki, İlham Əliyevin Əlcəzair səfəri təkcə iqtisadi maraqlara söykənmir, həm də Azərbaycanın uğurlarına kölgə salmağa çalışanlara siyasi mesaj xarakteri daşıyır. Dövlət başçısının Əlcəzairi işğala məruz qalmış, tarixən azadlıq savaşları apararaq qurbanlar vermiş bir xalqın yurdu adlandıraraq, qatı ermənipərəst mövqe sərgiləyən, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Fransanı müstəmləkəçilik siyasətinə, soyqırım müəllifi olması faktına diqqət yonəltməsi, əlbəttə ki, kifayət qədər ciddi siyasi gedişdir. Etiraf olunmalıdır ki, İlham Əliyevin Ərəb Liqasının Sammitindəki çıxışı ərəb dünyası üçün də tarixi hadisədir.

Teymur Aslanov
Missiya.Az


  • 2-11-2022, 19:20