AZ   |   RU
Səfir: “Azərbaycanla Qazaxıstan arasında əlaqələr yüksələn xətlə inkişaf edir”

“Azərbaycanla Qazaxıstan arasında qardaşlıq münasibətləri mövcuddur. Ölkələr arasındakı əlaqələr strateji səviyyədədir və yüksələn xətlə inkişaf edir”.

Missiya.Az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanın Milli Günü, eləcə də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

Səfir ölkəsinin Azərbaycanla ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı qarşısına məqsəd qoyduğunu qeyd edib.

“Orta Dəhlizin ötürücülük imkanlarını artırmaqla, eləcə də Xəzər dənizində əməkdaşlıq vasitəsilə biz buna nail ola bilərik”, - səfir bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov iki qardaş ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, beynəlxalq arenada, BMT, MDB və digər təşkilatlar çərçivəsində əməkdaşlıqdan bəhs edib.

Nazir qeyd edib ki, beynəlxalq aləmdə mövqeyimizi dəstəkləyən Qazaxıstan hazırda Qarabağın bərpasında fəal iştirak edir.

  • 25-10-2022, 21:26