Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Prezident İlham Əliyevin bəyanatı
- Əziz qardaşım, hörmətli Cümhurbaşqanı.
Əziz qonaqlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, “Xoş gəlmisiniz!” demək mənim üçün böyük şərəfdir. Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik.
Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gündür. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.
Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.
Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da - “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.
Bu gün bizim rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi. Əslində, Cəbrayıl şəhəri yoxdur, çünki bax burada, oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma erməni işğalı dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Cəbrayıl şəhərindən bax bu dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.
Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.
Əziz Qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.
İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır.
Əziz Qardaşım, bu əziz gündə bizimlə bərabər olduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə xalqına xoşbəxtlik, sülh arzulamaq istəyirəm. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!