AZ   |   RU
Azərbaycanlıları dünyada qalib xalq kimi tanıdan lider – 15 oktyabr İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündür

O bu xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına səs verən xalqımız yanılmadı. Çünki Ulu Öndər  “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” – deyə, canından çox sevdiyi xalqına dəyərli bir davamçı qoyub getdi.

15 oktyabr 2003-cü ildə  Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 
Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir.

1993-2003-cü illər ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılmışdır. 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur.

İlham Əliyev yeni dövrün müasir lider obrazını bir nümunə və məhz azərbaycanlı olaraq dünya arenasına çıxarmağı bacardı. 

İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Ötən müddət ərzində Azərbaycanın siyasi, iqtisadi imkanları daha da genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. İnsanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.

Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar olunub. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. 

Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda mükəmməlsiyasi sistem bərqərar olunub.

Müxtəlif sahələr üzrə geniş təhlil aparsaq, müşahidə edərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azad­lıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 50-dən çox siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Əminliklə söyləmək olar ki, xalq-iqtidar birliyi, hakimiyyətin həyata keçirdiyi siyasətin hamılıqla dəstəklənməsi sayəsində bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik indeksinə görə Azərbaycan dünyada ilk yerlərdə qərarlaşmışdır.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Qələbəyə aparan yol uzun olur. Bunun üçün iqtisadi inkişaf, tarixi şərait, geostrateji mühit və lazımi siyasi məqam əsas amillərdir. Prezident İlham Əliyev bütün bu məqamları uzaqgörənliklə müəyyənləşdirdi. Ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı.

Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin bu illər ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək Zəfərin təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında diz çökmüş oldu. 

Birmənalı olaraq hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin   müdrik rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Bu gün bütün dünya azərbaycanlıları İlham Əliyev kimi qüdrətli liderləri olduğu üçün fəxr və qürur hissləri keçirirlər. 

Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya örnək olacaq səviyyədə daha möhtəşəm uğurlara imza atacaq.

Nizami rayonu 229 saylı məktəbin direktoru 
Vüsalə Məmmədova


  • 14-10-2022, 19:29