AZ   |   RU
Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Dövlətimizin başçısı qeyd edib ki, ikinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

Erməni vandalizmin törətdiyi vəhşiliklər barədə danışan ölkə rəhbəri Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimizin və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdıldığmı, təhqir və talan edildiyini, hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev həmçinin bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik.

Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir.

Erməni işğalından azad olunmuş torpaqların mina ilə çirklənməsini önə çəkən İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edən ölkə rəhbəri bildirib ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb.

Ermənistanın sərhəddə yeni təxribatlar törətməkdə davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdıran dövlətimizin başçısı “Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”- deyə məlumat verib.

İlham Əliyev xüsusi vurğulayıb ki, Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Çıxışında İlham Əliyev Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastruktur layihələri, ölkəmizin  ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərininin birinə çevrilməsi, habelə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına ölkəmizin verdiyi töhvələr, Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasınının əhəmiyyəti, habelə Qoşulmama Hərəkatının siyasi çəkisinin  və qlobal nüfuzunu artırılması istiqamətində Azərbaycanın mövqeyi və təklifləri barədə məlumatlar verib.
 
Mayıl Əliyev 
Nizami rayon Ağsaqqallar Şurasının sədri


  • 14-10-2022, 18:26