AZ   |   RU
İlham Əliyev diplomatiyasının Astana gedişi: Qərbin hiyləgər oyunları və Bakının sərt təpkisi - Daha bir hərbi əməliyyat olacaq?

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən MDB dövlət başçılarının toplantısında ölkəmizlə bağlı baş verən bir sıra proseslərə toxunub. Belə ki, dövlət başçısı ötən gün Avropa İttifaqı tərəfindən Ermənistana göndərilən mülki missiyanın fəaliyyətinə toxunaraq bildirib: 
 
“Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu. Ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”. 
 
Bu açıqlama ilə İlham Əliyev bir növ həmin mülki missiyanın Ermənistan vasitəsilə bölgəyə cəlb olunduğunu Moskvaya çatdırmış oldu. Həmin missiyanın KTMT-nin məsuliyyət zonasında yerləşdirilməsi mesajı da əlbəttə ki, təsadüfi deyildi. Azərbaycan prezidenti bununla göstərdi ki, İrəvan artıq KTMT-nin başı üzərindən də iş görür. Ermənistan bununla da təmsil olunduğu qurumun onsuz da zəifləmiş nüfuzuna ciddi xələl yetirir.
 
İlham Əliyevin Praqadakı diplomatik performansının nəticələrini çox yaxınlarda müşahidə edəcəyik. 

 
Prezidentin başqa fikrinə diqqət edək: “Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Parisin hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”. 
 
İlham Əliyevin bu ifadəsi onu deməyə əsas verir ki, bundan sonra Ermənistanla Azərbaycan arasında keçiriləcək görüşlərdə Fransa vasitəçi missiyasında iştirak etməyəcək. Əslində Fransa prezidenti Emmanuel Makronun son günlər ölkəmizə qarşı qərəzli mövqe sərgiləməsindən sonra dövlət başçısı səviyyəsində bu cür xəbərdarlığın edilməsi vacib idi. Bu da özünü çox gözlətmiyərək lazımı vaxtda verilən cavab oldu. Aİ-nin prezidenti Şarl Mişelin iki ölkə arasındakı vasitəçilik missiyasını mənimsəməyə çalışan Makronun xülyası bununla da dərəyə yuvarlanmış oldu...
 
Sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş verən münaqişəyə toxunan ölkə başçısı bildirib ki, həmin zaman nə bir şəhər, nə də bir kənd işğal olunmayıb: “ Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı”. 
 
İlham Əliyevin həmin zaman nə bir şəhər, nə də bir kənd işğal olunmayıb deməsi Ermənistanın dünyaya, “Azərbaycan ərazilərimizi işğal etdi” ittihamının da üstündən xətt çəkmiş oldu. Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəsin təmin olunduğunun vurğulanması isə Ermənistanın, “ABŞ atəşkəsi təmin etdi” iddiasını da kölgə altına salmış oldu. 
 
Qeyd edək ki, Ermənistanın bir sıra dövlət rəsmiləri, xüsusən də ABŞ Nümayəndələr Platasının sədri Nensi Pelosinin İrəvana səfəri zamanı atəşkəsin Vaşinqton tərəfindən həyata keçiridiyini iddia edərək, buna görə Amerikaya təşkkür etdiklərini bildirmişdilər. 
 
“Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir. Həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”. 
 
Prezidentin dediyi sözlərdən bir daha aydın olur ki, Bakı prosesləri diqqət mərkəzində saxlayır. Müharibədən iki il keçməsinə baxmayaraq hələ də qeyd olunan şərtlərin İrəvan tərəfindən yerinə yetirilməməsi Azərbaycanı situasiyaya görə adekvat tədbirlər barədə düşünməyə məcbur edir.
 
Məlumdur ki, Ermənistan Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək yolda öz gömrük postlarını yerləşdirmək istəyir. Lakin rəsmi Bakı haqlı olaraq bu niyyətin reallaşmasına qarşı çıxır. Azərbaycan prezidentinin prinsipial və qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, Ermənistanın bu planı da əvvəlkilər kimi iflasa uğrayacaq. Qarabağdakı silahlı birləşmələrin oradan çıxarılması məsələsinə gəldikdə, Azərbaycan tərəfi bunun üçün Ermənistana sentyabrın sonuna kimi vaxt vermişdi. İrəvan yenə də buna məhəl qoymadı. Bu isə bölgədə Azərbaycan Ordusu tərəfindən həmin silahlı birləşmələrə qarşı antitteror əməliyyatlarının keçirilməsini qaçılmaz edir. Deməli, Prezident İlham Əliyevin Astanada səsləndirdiyi növbəti xəbərdarlığın da ardınca analoji əməliyyatlara şahidlik edə bilərik.
 
Daşqın Həsənov
Missiya.Az
 


  • 14-10-2022, 17:31